Türkiyə-Ermənistan sərhədi BU TARİXDƏ açılır? - 33 il sonra MÜHÜM gedişat
16:20 DünyaErmənistan - Türkiyə keçid məntəqəsinin nə vaxt açılacağı barədə yeni tarix məlum olub.
Musavat.com xəbər verir ki, Türkiyənin "Yeşiligdir" saytı iki ölkə arasında quru sərhədin Ermənistanda keçiriləcək seçkilərdən əvvəl açılacağını iddia edib.
Parlament seçkiləri 7 iyunda keçiriləcək. Belə məlum olur ki, mayda Türkiyə-Ermənistan sərhədi açıla bilər. Saytın məlumatına görə, Türkiyə və Azərbaycan hələlik açılış tarixini qarşılıqlı olaraq müəyyənləşdirməyib və son qərarı rəsmi Ankara verəcək.
Ötən ay Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda sərhədin açılması ilə bağlı müsbət xəbərlərin açıqlanması gözlənilir. Nazir qeyd edib ki, Türkiyə iqtisadi baxımdan (xüsusilə ÜDM həcminə görə) Ermənistanın ən böyük qonşularından biridir. Bu ilin yanvarında İğdır valisi Erkan Turan da bildirib ki, hazırlıq prosesi fasiləsiz davam edir. Onun sözlərinə görə, hərbi postun yerinin dəyişdirilməsi başa çatdıqdan sonra ərazi Ticarət Nazirliyinə təhvil veriləcək və sərhəd-keçid məntəqəsi ayın sonuna qədər rəsmi şəkildə xidmətə açılacaq. Onu da demək lazımdır ki, Ermənistanın Türkiyə ilə sərhədini rus hərbçilər tərk ediblər. Yeri gəlmişkən, Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula səfər edəcək. Parlamentin üzvləri aprelin 16-dan 19-dək Parlamentlərarası İttifaqın iclasında iştirak edəcəklər. Bu səfər çərçivəsində Türkiyə rəsmiləri ilə sərhəd müzakirəsi istisna edilmir. Lakin rəsmi Ankaradan Türkiyə mediasında yayılan son məlumatla bağlı açıqlama yoxdur.
Bəzi təhlilçilərə görə, seçkilərə qədər sərhədin açılması istisna deyil. Bu da Paşinyana seçkilərdə qələbəsini təmin etmək üçün siyasi jest ola bilər. Digər tərəfdən isə Ermənistanın bəzi öhdəlikləri yerinə yetirməsi lazımdır ki, sərhədlər açılsın: konstitusiyadakı Türkiyəyə qarşı ərazi iddialarına son qoymaq, "Tramp yolu"nun (Zəngəzur dəhlizi - E.S) işə düşməsi və Azərbaycanla yekun sülh sənədini imzalamaq. Lakin göründüyü kimi, bəzi analitiklər hesab edirlər ki, bu tapşırıqları icra edənə qədər Paşinyan hakimiyyəti üçün daha vacib və kritik bir sınaq dövrü var - seçkilər. Bu ərəfədə sərhədlərin açılması onun reytinqinə müsbət mənada ciddi təsir edəcək.
Çünki son 33 ildə buna müvəffəq olan yeganə erməni lideri kimi tarixə düşə bilər. Buna qədər isə Azərbaycan neft məhsullarının Ermənistana ixracı, tranzit embarqosunun ləğvi də Paşinyan iqtidarının seçkiqabağı rəqibləri qarşısında arqumentlərini gücləndirən faktlardır. Ona görə də baş nazir və komandası bölgələri gəzərkən əsas piar bunun üzərində qurulub: seçkidə sülh və müharibə partiyaları mübarizə aparır - seçim xalqındır!
Qeyd etmək lazımdır ki, Türkiyə 1 yanvar 2026-cı ildən etibarən Ermənistanla sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açıb. Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç İrəvana təkliflər və niyyətlər paketini təqdim edib.
Bundan əlavə, Türkiyə diplomatik münasibətlərin qurulması ilə bağlı protokol hazırlayıb. Ancaq Ankara bu sənədin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən şəxsən Türkiyəyə gedərək imzalanmasını tələb edir. Halbuki bu cür sənədlər adətən xarici işlər nazirləri səviyyəsində imzalanır.
Türkiyənin digər tələbi dəmir yolu ilə bağlıdır. Ankara Ermənistanın Yerasxdan Naxçıvanla sərhədə, eləcə də Axurikdən Türkiyə sərhədinə qədər dəmir yolu xəttinin çəkilişinə başlamasında israr edir.
Onu da deyək ki, Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər yoxdur, sərhəd isə Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır. İki ölkə arasındakı mürəkkəb münasibətlər Türkiyənin Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi, eləcə də uydurma 1915-ci il Osmanlı imperiyasında "ermənilərin kütləvi qırğını"nın beynəlxalq səviyyədə tanınmasına Ankaranın sərt reaksiyası ilə əlaqələndirilir. Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində xüsusi nümayəndələrin ilk görüşü 2022-ci ilin yanvarında Moskvada baş tutub.