İranda genişmiqyaslı əməliyyat – yüzə yaxın saxlanılan var

İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi, İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən 97 nəfəri həbs edib.Trend bu barədə İran KİV-lərinə istinadən xəbər verir.Qeyd olunur ki, müharibə başlayandan bəri aparılan təhlükəsizlik əməliyyatları çərçivəsində İsrail və ABŞ ilə əlaqələrə görə yüzlərlə insan saxlanılıb.Həbs olunan şəxslər "İsrailin əsgərləri olmaqda" ittiham olunurlar.Həmin gün daha əvvəl KİV Əlburz vilayətinin polis rəisinə istinadən yazıb ki, xaricdə yerləşən müxalif media kanallarına videomateriallar göndərməkdə ittiham olunan 41 nəfər saxlanılıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31