Asif İbrahimov: "Ermənistanla ticarət əməliyyatları regionda yeni iqtisadi reallığın başlanğıcıdır" – ÖZƏL

"Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsi fonunda iqtisadi əlaqələrin bərpası region üçün müsbət və strateji əhəmiyyət daşıyan bir inkişaf kimi qiymətləndirə bilərik. Rəsmi statistikada artıq Ermənistanla ticarət əməliyyatlarının əks olunması bu istiqamətdə ilkin, lakin vacib addım hesab olunmalıdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. İqtisadçı bildirib ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın Ermənistana 4,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac etməsi, hər nə qədər ümumi ixracda cüzi paya malik olsa da, iqtisadi münasibətlərin formalaşmağa başladığını göstərir. Bu mərhələdə idxalın qeydə alınmaması Azərbaycanın ticarət balansına müsbət təsir edir və ölkənin xarici ticarətdə əldə etdiyi müsbət saldonun qorunmasına əlavə dəstək verir. Enerji məhsullarının,xüsusilə benzin və dizelin əsas ixrac istiqaməti kimi çıxış etməsi isə təsadüfi deyil. Azərbaycan bu sahədə rəqabət üstünlüyünə malikdir və enerji əməkdaşlığı ən real və operativ qurula bilən iqtisadi əlaqə formatı kimi ön plana çıxır. Bu, eyni zamanda tərəflər arasında etimadın formalaşmasına xidmət edən praktik mexanizm rolunu oynayır.

İqtisadçı qeyd edib ki, ticarət əlaqələrinin bərpası perspektivdə daha geniş iqtisadi sahələri əhatə edə bilər. Xüsusilə nəqliyyat və logistika xətlərinin açılması regionda daşınma xərclərinin azalmasına, yeni tranzit imkanlarının yaranmasına və investisiya mühitinin yaxşılaşmasına səbəb ola bilər. Bununla yanaşı, kənd təsərrüfatı, sənaye istehsalı, tikinti və turizm sahələrində əməkdaşlıq imkanlarının formalaşması da gözləniləndir. Prosesin davamlılığı birbaşa siyasi iradədən, qarşılıqlı etimadın güclənməsindən və regional geosiyasi amillərdən asılı olacaq. İqtisadi əlaqələrin inkişafı yalnız ticarət həcminin artması ilə deyil, eyni zamanda uzunmüddətli sabitliyin və qarşılıqlı asılılığın formalaşması ilə ölçülməlidir. Hazırkı dinamika kiçik həcmli iqtisadi göstəricilərlə müşayiət olunsa da, strateji baxımdan regionda yeni iqtisadi reallıqların formalaşmasının başlanğıcı kimi qiymətləndirilməlidir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31