SEPAH bitirilir, hakimiyyətə ordu generalları gətirilir- ÖZƏL
13:49 Dünya
ABŞ-ın İrana münasibətdə formalaşdırdığı yeni strategiya artıq klassik hərbi müdaxilə ssenarilərindən kənara çıxaraq daha mürəkkəb və çoxqatlı geosiyasi plan kimi görünür. Bu planın mərkəzində isə təkcə rejimi zəiflətmək deyil, hakimiyyətin strukturunu dəyişmək və yeni idarəetmə modeli qurmaq dayanır.
Vaşinqtonun planı: rejimi sındır, dövləti saxla
Donald Trump administrasiyasına yaxın çevrələrdə səsləndirilən yanaşmalar göstərir ki, Ağ Ev İranda xaotik çöküş yox, idarə olunan hakimiyyət dəyişikliyi istəyir və bu planı üzərində işləyirlər. Bu strategiyanın əsas xətti SEPAH-ın təsirini minimuma endirmək, ideoloji liderləri və güc mərkəzini sıradan çıxarmaq, nizami orduya əsaslanan yeni hakimiyyət formalaşdırmaqdan ibarətdir.
Ağ Evin bu planını Trampın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton açıqlayıb və bildirib ki, burada əsas fərq ondadır ki, ABŞ İranı parçalamaq niyyətində deyil. Əksinə, məqsəd mövcud sərhədlər daxilində, lakin fərqli siyasi kursa malik hakimiyyət qurmaqdır.
Hakimiyyət dəyişikliyi necə işə salınır?
Bu ssenari birbaşa "bir zərbəlik dəyişiklik" deyil. Əksinə, mərhələli və sistemli şəkildə həyata keçirilməsi nəzərdə tutulur:
1. Elitanın sıradan çıxarılması
SEPAH komandirləri və onlara bağlı siyasi fiqurlar hədəfə çevrilir.
Bu, sadəcə hərbi zərbə deyil - bu, idarəetmə strukturunun sütunlarını dağıtmaq cəhdidir.
2. İdarəetmədə xaosun yaradılması
Siyasi və hərbi rəhbərliyin zəiflədilməsi ölkə daxilində koordinasiyanı pozur.
Nəticədə qərarvermə mexanizmi iflic olur, mərkəzi hakimiyyət zəifləyir, paralel güc mərkəzləri yaranır.
3. Varislik böhranının sürətləndirilməsi
Əli Xamneidən sonrakı dövr artıq ən zəif nöqtə hesab olunur. Con Boltonun da qeyd etdiyi kimi, bu boşluq süni şəkildə dərinləşdirilərək rejimin içəridən çökməsi hədəflənir.
4. Alternativ gücün önə çıxarılması
Bu mərhələdə ABŞ-ın əsas seçimi SEPAH və ya hər hansı digər siaysi qüvvə deyil, məhz İranın nizami ordusu önə çıxarılır. Çünki hesab olunur ki, bu struktur daha az ideoloji, daha praqmatik vəbeynəlxalq dialoqa daha açıqdır.
Yeni hakimiyyət kimlərdən ibarət olacaq?
Planın ən kritik hissəsi məhz buradır. Gözlənilən model belədir ki, nizami ordu generallarından ibarət keçid hökuməti, texnokrat və praqmatik mülki idarəçilər və Qərblə dialoqa açıq siyasi fiqurlardan ibarət olacaq.
Bu modelin məqsədi ölkədə nizam-intizamı bərpa etmək, vətəndaş qarşıdurmasının qarşısını almaq, daha sonra siyasi transformasiya üçün zəmin yaratmaqdır.
Müctəba Xamenei kimi fiqurların isə bu prosesdə əsas maneə və eyni zamanda hərbi hədəfdir və bunu Bolton da açıq şəkildə qeyd edib.
Əsas hədəf: idarə olunan süqut
Bu planın fəlsəfəsi sadədir, amma risklidir. Çünki
rejimi içəridən çökdür, amma dövləti dağılmağa qoyma. Bu yanaşma İraq və Liviya ssenarisindən fərqlənir və daha çox "kontrollu transformasiya" modelinə bənzəyir. Lakin burada da ciddi suallar var. Görən ordu həqiqətən vahid mövqe sərgiləyə biləcəkmi? SEPAH müqavimət göstərməyəcəkmi? Daxili qarşıdurma və vətəndaş müharibəsi riski nə qədərdir?
Böyük risk: planın dağılması
Bu ssenarinin ən zəif nöqtəsi onun həddindən artıq optimist olmasıdır. Çünki SEPAH ölkənin ən güclü hərbi-siyasi strukturudur və İran cəmiyyəti etnik və siyasi baxımdan mürəkkəbdir. Bu da xarici müdaxilə daxili müqaviməti gücləndirə bilər. Əgər proses nəzarətdən çıxarsa, o zaman ölkə daxilində parçalanma baş verə, regionda genişmiqyaslı münaqişə yarana və qlobal enerji təhlükəsizliyi ciddi zərbə ala bilər.
Yeni rejim, yoxsa yeni xaos?
ABŞ-ın İrana dair planı sadəcə hakimiyyət dəyişikliyi deyil, bütöv bir sistemin yenidən dizayn edilməsi cəhdidir. Əgər bu plan uğur qazanarsa, onda Yaxın Şərqin siyasi balansı dəyişəcək və İran yeni kursa yönələ bilər.
Əgər uğursuz olarsa, o zaman region uzunmüddətli xaosa sürüklənəcək, qlobal güclər arasında qarşıdurma daha da dərinləşəcək.
Bu gün baş verənlər göstərir ki, məsələ artıq təkcə İran deyil.
Mürtəza Bünyadlı
Siyasi şərhç