Tramp administrasiyası Yaxın Şərqə əlavə qüvvələr göndərməyi düşünür - KİV
13:31 DünyaABŞ Prezident Donald Trampın administrasiyası İrandakı əməliyyatı gücləndirmək məqsədilə minlərlə ABŞ hərbçisinin Yaxın Şərqə səfərbər etməyi nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə "Reuters" mənbələrinə istinadən yazır.
Məlumata görə, ABŞ ordusu İran qarşı kampaniyasında mümkün növbəti addımlara hazırlaşır.
İranla müharibə artıq üçüncü həftəsinə daxil olub. Mənbələrin sözlərinə görə, əlavə qüvvələrin Yaxın Şərqə yerləşdirilməsi Trampa ABŞ əməliyyatlarını genişləndirmək imkanlarını dəyərləndirərkən əlavə seçim imkanları verə bilər.
Bu seçimlərə Hörmüz boğazından neft tankerlərinin təhlükəsiz keçidinin təmin edilməsi daxildir ki, bu missiya əsasən hava və dəniz qüvvələri vasitəsilə yerinə yetirilə bilər. Lakin dörd mənbənin, o cümlədən adı açıqlanmayan iki ABŞ rəsmisinin bildirdiyinə görə, boğazın təhlükəsizliyinin təmin edilməsi İranın sahil zolağına ABŞ qoşunlarının yeridilməsini də tələb edə bilər.
"Reuters" yazır ki, məsələ ilə tanış olan üç nəfər və üç ABŞ rəsmisinin bildirdiyinə görə, Tramp administrasiyası İranın neft ixracının 90 faizinin həyata keçirildiyi Xarg adasına quru qoşunlarının göndərilməsi variantlarını da müzakirə edib. Rəsmilərdən biri belə bir əməliyyatın çox riskli olacağını bildirib. İranın həmin adaya raket və pilotsuz uçuş aparatları ilə zərbə endirmək imkanına malik olduğu qeyd olunur.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.