İranda hakimiyyətə onları gətirmək istəyirlər - KİMLƏRDİR...

İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib ki, İranın ölkəni "düzgün istiqamətdə" apara biləcək "potensial liderləri" var. "Bəli, İranın bu gün bütün qonşularına ballistik raketlər göndərmək və Hörmüz boğazını bağlamaq əvəzinə, öz resurslarını rifah və infrastrukturun inkişafı üçün istifadə edərək milləti düzgün istiqamətdə apara biləcək potensial liderləri var", - Danon CNN-ə verdiyi müsahibədə deyib.
İsrail səfiri konkret ad çəkməkdən imtina edib. Amerikalı politoloq Kennet Pollakın Foreign Affairs (FP) üçün yazdığı məqalədə deyilir ki, əgər ABŞ düzgün addımlar atsa, İranda rejim dəyişikliyinə kömək edə bilər. "ABŞ bu dəfə üsyanın inqilaba çevrilmə ehtimalını artıracaq addımlar ata bilər. Küçələrə çıxan iranlılara birbaşa hava dəstəyi verə, onları dayandırmağa çalışan rejim qüvvələrini hədəfə ala bilər. Rejim dəyişikliyi həmişə riskli bir cəhd olacaq. Lakin Vaşinqton kartlarını düzgün oynasa, qələbə şansını artıracaq", - deyə ekspert qeyd edib."The Washington Post" qəzeti isə ABŞ-ın Qüdsdəki səfirliyindən Dövlət Departamentinə göndərilən teleqramı sitat gətirərək İsrailin İrandakı vəziyyətlə bağlı qiymətləndirməsini dərc edib.
Orada deyilir ki, hazırkı İran rejimi Ali Rəhbər Əli Xameneinin öldürülməsinə və ABŞ və İsrailin hücumlarına baxmayaraq, "təslim olmur" və "sona qədər mübarizə aparmağa" hazırdır.
Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu mövzu ilə bağlı Musavat.com-a bunları dedi:

"İranda əgər rejimin dəyişməsindən söhbət gedirsə, indiki halda bunu demək çətindir. Çünki rejimin dəyişməsi üçün şərtlər mövcud deyil, hakimiyyət yerindədir, ordu hakimiyyəti dəstəkləyir, qırılma yoxdur. Üstəlik ABŞ hər hansı quru əməliyyatı başlamayıb. Əksinə indi İran Hörmüz boğazına nəzarət etmək və İsraili, habelə körfəz ölkələrindəki ABŞ bazalarını bombalamaqla Amerika və İsrail cütlüyünə meydan oxuyur. Məsələn, eyni situasiya nə 2001-ci ildə Əfqanıstanda, nə də 2003-cü ildə İraqda olub. Rejim daxilində dəyişikliyə gəlincə, formal olaraq birinci şəxs və bir sıra komandanlar dəyişib, ancaq hərbi-siyasi və ideoloji kurs dəyişməyib. Bunu ancaq gələcəkdə demək olar. İsrail əlbəttə arzulayır, amma az qala hər gün Netanyahu çağırış etsə də, İranda etirazlar və üsyan baş vermədi, ikincisi isə etnik separatçı qruplar da hakimiyyətə qarşı qalxmadı. Yəni Tramp və Netanyahunun planlaşdırdığı işlərin heç biri baş tutmadı. Yalnız İran ağır şəkildə, müharibə qanunlarına baxmadan bombarduman edilir. Buna nə qədər dözəcəklər, ümumiyyətlə, kim daha tez dayanacaq, onu zaman göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31