Məsud Pezeşkian niyə susur? İran prezidenti Naxçıvan hadisələrinə görə açıqlama vermədi
12:52 DünyaNaxçıvana pilotsuz uçuş aparatının hücumu ilə bağlı baş verən hadisə Azərbaycan-İran münasibətlərində yeni suallar yaradıb.
Musavat.com xəbər verir ki, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İran prezidenti Məsud Pezeşkianın baş verən hadisə ilə bağlı susqun qalmasını diqqətə çatdıraraq bunun siyasi səbəblərini izah edib.
Politoloqun fikrincə, İran prezidentinin Naxçıvanda baş verən hadisə ilə bağlı Azərbaycan tərəfi ilə əlaqə saxlamaması və ya ictimai açıqlama verməməsi diqqət çəkən məqamdır. Elxan Şahinoğlu bunun fonunda Pezeşkianın başqa mövzuda daha operativ reaksiya verməsini xatırladıb və bildirib ki, İran rəhbərinin davranışı suallar doğurur.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri məsələyə münasibət bildirərkən belə deyib:
"İspaniya hökuməti ABŞ-ın İrana qarşı hərbi əməliyyatda əməkdaşlıqdan imtina etdiyini açıqladıqdan sonra İran Prezidenti Məsud Pezeşkian vaxt itirmədən sosial mediada İspaniyaya təşəkkürnamə yazdı. Ancaq Məsud Pezeşkian dünən Naxçıvana atılan dronlarla bağlı nə azərbaycanlı həmkarı İlham Əliyevə zəng etdi, nə də heç olmazsa sosial şəbəkədə məsələyə aydınlıq gətirən status paylaşdı. Böyük ehtimalla Məsud Pezeşkian dünən gün ərzində bu barədə ciddi düşünüb, sadəcə Bakıya zəng etməyə və ya status paylaşmağa risk etməyib. Çünki, Məsud Pezeşkian İlham Əliyevə zəng etsəydi, ya üzr istəməliydi, ya da deməliydi ki, "məsələ araşdırılır". Görünür, Pezeşkian düşünüb ki, bu iki variantdan birini seçərsə, ölkəni idarə edən və anti-Azərbaycan mövqeyindən çıxış edən SEPAH generalları ilə üz-üzə qalacaq. Ancaq Pezeşkian anlamamış deyil ki, susqunluğu onun İlham Əliyevlə arasındakı tərəfdaşlıq münasibətlərinin üstündən xətt çəkir. Halbuki, iki ölkə Prezidenti arasında normal münasibətləri formalaşmışdı.
İran eyni ilə Rusiyanın yolu ilə gedir. Rusiya Azərbaycanın mülki təyyarəsini raketlə vurduqdan sonra əvvəlcə olayı inkar etdi, sonra üzrxahlıq gəlsə də kompensasiya ödənmədi, cinayətkarlar cəzalandırılmadı və buna görə iki ölkə arasındakı münasibətlərdə suallar ortadan qaldırılmayıb. İran da hələ ki, Rusiya kimi inkar edir, "Naxçıvana dron atmamışıq" prinsipindən çıxış edir, ancaq bu yanaşma iki ölkə arasındakı onsuz da suallarla dolu olan münasibətləri növbəti gərginlik mərhələsinə keçirəcək. Buna görə Məsud Pezeşkianın İlham Əliyevə zənginə ehtiyac var".
Elxan Şahinoğlunun sözlərinə görə, İran rəhbərliyinin hadisəyə münasibətdə seçdiyi susqunluq və inkar mövqeyi iki ölkə arasındakı münasibətlərin gələcək gedişinə təsir göstərə bilər.
Politoloq hesab edir ki, vəziyyətin gərginləşməməsi üçün Tehran tərəfindən rəsmi izahat verilməsi və Bakı ilə birbaşa əlaqənin qurulması vacibdir.