Londonda casus ovu: İranın xeyrinə işləyən şəbəkə darmadağın edildi
12:51 DünyaBöyük Britaniyada İranın xeyrinə casusluqda şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.
Musavat.com xəbər verir ki, "Sky News"un yaydığı məlumata görə, Londonun Barnet və Uotford rayonlarında gecə saatlarında keçirilən xüsusi əməliyyat zamanı 4 nəfər terrorla mübarizə bölmələri tərəfindən saxlanılıb.
Saxlanılanlardan biri İran vətəndaşı, digər üçü isə Britaniya-İran ikili vətəndaşlığına malik olan şəxslərdir. İstintaqın ilkin rəyinə görə, bu şəxslər Londondakı yəhudi icması ilə əlaqəli şəxsləri və obyektləri izləməkdə, onlar haqqında kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinirlər. London Polisinin Terrorla Mübarizə Şöbəsinin rəhbəri Helen Flanaqan bildirib ki, bu həbslər uzunmüddətli təhqiqatın nəticəsidir və məqsəd ölkə ərazisindəki zərərli fəaliyyətlərin qarşısını almaqdır.
Bundan əlavə, Harrou rayonunda daha 6 nəfər "cinayətkara köməklik etmək" şübhəsi ilə saxlanılıb və ümumilikdə 10 nəfər nəzarətə götürülüb. Britaniya kəşfiyyatı (MI5) artıq bir neçə aydır ki, İranın ölkə daxilindəki aktivliyinin artdığı və xüsusilə yəhudi icmasına qarşı sui-qəsd planlarının mövcudluğu barədə xəbərdarlıqlar edirdi. Hazırda saxlanılanların İranın xarici kəşfiyyat orqanları ilə birbaşa əlaqələri araşdırılır.