İran böhranı Bakı və Parisi yaxınlaşdırıb - Kəşfiyyat nəşri yazdı...

Fransa və Azərbaycan İran ətrafında gərginliyin artması fonunda strateji dialoqu yenidən aktivləşdirib. Musavat.com xəbər verir ki, bu barədə Fransanın kəşfiyyat dairələrinə yaxın olan Intelligence Online nəşri məlumat yayıb.

Bildirilib ki, 3 mart tarixində Fransanın xarici işlər naziri Jan-Noel Barro azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı aparıb. Məlumata görə, Paris İrandan fransız vətəndaşlarının təxliyəsinə göstərdiyi köməyə görə Bakıya təşəkkür edib.

Nəşrin yazdığına görə, bu telefon danışığı həm də regional təhlükəsizlik və ikitərəfli münasibətlər üzrə daha geniş müzakirələrin yenidən başlanması üçün imkan yaradıb.

"Intelligence Online" qeyd edir ki, İran ətrafında müharibə fonunda Azərbaycan yüksək hazırlıq vəziyyətindədir. Mənbələrin məlumatına görə, münaqişənin ilk günlərində Bakı həm İsrailə, həm də İrana regionun daha geniş eskalasiyaya sürüklənməməsi barədə siqnal göndərib.

Nəşrin qiymətləndirməsinə əsasən, Azərbaycanın hərbi potensialı və Cənubi Qafqazdakı strateji mövqeyi də ölkə ətrafında vəziyyətin gərgin olsa da nisbətən sabit qalmasına təsir edən mühüm amillərdən biri hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31