Naxçıvana hücum o əmr vermədən baş tutmazdı - CİNAYƏTKARIN DOSYESİ
20:04 DünyaBu gün İran tərəfindən Naxçıvan aeroportu dron hücumuna məruz qalıb. Hadisə zamanı 4 vətəndaşımız xəsarət alıb, hava limanının infrastrukturuna ciddi zərər dəyib.
Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.
Belə bir hücum təsadüfi olmayıb, onun arxasında SEPAH-ın olduğu aydın sezilir. Belə ki, İranın uzun mənzilli kamikadze tipli Araş-2 pilotsuz uçuş aparatları (PUA) İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunur. Dronların istehsalı və texniki baxımı isə İran Müdafiə Nazirliyinin Aerokosmik Təşkilatı tərəfindən həyata keçirilir. Məlumata görə, əməliyyat zənciri belə formalaşıb: əvvəlcə dronlar Aerokosmik Təşkilat tərəfindən hazırlanır və texniki testlərdən keçirilir, daha sonra SEPAH komandası dronların marşrutlarını və hədəflərini planlaşdırır. Uçuş və idarəetmə mərhələsi də SEPAH-ın nəzarətində olur, hücum əməliyyatları və hədəflərin vurulması da onların səlahiyyətindədir.
Hərbi ierarxiya quruluşu sübut edir ki, dronların idarəsi yalnız rəsmi İran hərbi birləşməlrinin ixtiyarındadır. Onların koordinasiyası və komandası olmadan dronlarla hücum həyata keçirilmir.
Beləliklə, hücum əmrinin SEPAH komandanı Əhməd Vahidi-nin göstərici ilə həyata keçirildiyi təsdiqlənir.
Əhməd Vahidi 1958-ci ildə Şirazda doğulub və 1979-cu il İslam İnqilabından sonra SEPAH-a qoşulub. Tezliklə SEPAH-ın kəşfiyyat bölməsində daxili təhlükəsizlik üzrə müavin vəzifəsini tutub. 1980-ci illərdə İran-İraq müharibəsi dövründə kəşfiyyatın rəhbəri olub və İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin yaradılmasında iştirak edib.
Vahidinin karyerasında "Qüds" bölməsinin yaradılması xüsusi yer tutur. Bu, SEPAH-ın İran xaricində əməliyyatlar aparan elit bir strukturudur. Vahidi bu bölmənin ilk komandiri hesab olunur. Onun varisi sonradan Qasım Süleymani olub və 2020-ci ildə ABŞ tərəfindən həlak edilib.
Vahidinin adı Latın Amerikasında ən böyük antisemit terror aktı olan AMIA partlayışı ilə bağlı hallanır. 18 iyul 1994-cü ildə Buenos-Ayresdəki argentinalı Yəhudi Mədəniyyət Mərkəzində törədilən partlayış nəticəsində 85 nəfər həlak olmuş, 300-dən çox şəxs yaralanmışdı.
2006-cı ildə Argentina prokuroru Alberto Nisman terror aktı ilə bağlı qərarın İran rəhbərliyinin ən yüksək səviyyəsində qəbul edildiyini müəyyən edib. Argentina məhkəməsi Vahidi də daxil olmaqla 9 İran və Livan vəzifəlisi üçün beynəlxalq həbs əmri çıxarıb. Hələ də İNTERPOL onun üçün "qırmızı bildiriş"i saxlayır.
Buna baxmayaraq, Vahidi İran rəhbərliyində karyerasını davam etdirib. 2005-ci ildə o, müdafiə nazirinin müavini, 2009-2013-cü illərdə isə Mahmud Əhmədinejadın prezidentliyi dövründə müdafiə naziri olub. Onun bu təyinatları beynəlxalq etirazlara səbəb olub, 2011-ci ildə isə Boliviya onu diplomatik qalmaqal səbəbindən rəsmi tədbirdən çıxarmağa məcbur olub.
2021-ci ildə Vahidi İbrahim Rəisinin hökumətində daxili işlər naziri təyin edilib. O, Ali Xameneinin sərt tərəfdarı və İsrail və ABŞ-a qarşı ən radikal xəttin tərəfdarı hesab olunur. Onun əvvəllər verdiyi bəzi açıqlamalar diqqət çəkib. Belə ki, o, İranın nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə, İsrail mövcudluğunu itirəcək. Qasım Süleymaninin öldürülməsindən sonra isə o, "amerikalıların nəfəsini kəsəcək cavab" veriləcəyini bəyan etmişdi.
Belə bir təcrübəyə malik şəxsin SEPAH-ın başına gətirilməsi hətta hərbi infrastruktura zərbələr endirilsə belə İran rejiminin öz siyasətini yumşaltmaq niyyətində olmadığını göstərir. Üstəlik, beynəlxalq axtarışda olan və mülki vətəndaşların kütləvi öldürülməsində günahlandırılan bir şəxs ölkənin əsas hərbi strukturlarından birinə rəhbərlik etməsinin yaratdığı təhlükə bu gün Naxçıvana hücumla təsdiqini tapdı.**Modern.az