İsrail ordusu Beyrutda mülki əhalini təcili təxliyə olunmağa çağırıb
19:15 Dünyaİsrail Müdafiə Qüvvələri Livanda Hizbullaha qarşı planlaşdırılan irimiqyaslı əməliyyat ərəfəsində Beyrut şəhərinin Dahiye kimi tanınan və Hizbullahın əsas dayağı hesab olunan ərazidə yaşayan sakinlərə "təcili xəbərdarlıq" edib.
Olaylar.az bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
IDF mülki əhalini Beyrutun cənubundan dərhal təxliyə olunmağa çağırıb.
"Həyatlarınızı xilas edin və dərhal evlərinizi tərk edin. Cənuba doğru hərəkət etmək qadağandır. Cənub istiqamətində hər hansı hərəkət həyatınızı təhlükəyə ata bilər. Evlərinizə qayıtmağın təhlükəsiz olduğu vaxt barədə sizə məlumat verəcəyik", - IDF sözçüsü polkovnik Aviçay Adrai bildirib.
Son göstəriş şəhərin cənub ətraflarında yerləşən dörd böyük məhəlləni əhatə edir.
IDF sözçüsü həmin zonada yaşayan sakinlər üçün təhlükəsiz təxliyə dəhlizləri ilə bağlı da göstərişlər verib.