Simonyan müxalifətin impiçment cəhdini ələ saldı: "Cəmi 400 nəfərləri yoxdur" – ÖZƏL
14:11 DünyaErmənistan parlamentinin spikeri Alen Simonyan müxalifətin baş nazir Nikol Paşinyana qarşı başlatdığı etimadsızlıq votumu təşəbbüsünə kəskin və kinayəli reaksiya verib.
Olaylar.az xəbər verir ki, martın 3-də Milli Məclisdə jurnalistlərin suallarını cavablandıran Simonyan, Ermənistan Respublikaçılar Partiyasının (ERP) impiçment prosesi ilə bağlı planlarını "istehza" ilə şərh edib.
Spiker müxalifətin küçə mübarizəsi və hakimiyyət dəyişikliyi iddialarının reallıqdan uzaq olduğunu bildirib: "Respublikaçıların seçkilərdə iştirak etmək üçün heç 400 nəfəri belə yoxdur. Onlar hansı impiçmenti həyata keçirmək niyyətindədirlər? Qarşıdan seçkilər gəlir. Hansı impiçment? Hansı küçə mübarizəsi?"
Simonyan, jurnalistin "Paşinyanın istefası ilə bağlı narahatlığınız varmı?" sualına isə gülərək "Bəli, panika içindəyik" cavabını verməklə müxalifətin addımlarının hakimiyyət üçün heç bir təhlükə yaratmadığına işarə edib.
Qeyd edək ki, Ermənistan müxalifəti bir müddətdir ki, baş nazir Nikol Paşinyanın istefası və hökumətə etimadsızlıq göstərilməsi üçün hüquqi və siyasi proseslərə start verdiyini bəyan edib. Lakin hakim komanda bu cəhdləri "siyasi şou" adlandırır.