İsrailli politoloqdan eksklüziv: “Xəstəxanalara müharibəyə hazırlaşmaq üçün göstəriş verilmişdi”

Globalinfo.az israilli tarixçi və politoloq Avraham Şmuleviçlə müsahibəni təqdim edir:

- Cənab Şmuleviç, Qüdsdə və ümumiyyətlə İsraildə vəziyyət necədir?

- Şənbə gününün çox hissəsini sığınacaqda keçirdik. Səhər saat 8:20-də siren səsi çaldı və İsrailin İrana qarşı qabaqlayıcı hücum başlatdığı bildirildi. İran raket atdıqda bu barədə bütün mobil telefonlara mesaj göndərilir və bütün İsrail vətəndaşları xəbərdar edilir. Əgər raketin sonradan Qüdsün özünə deyil, onun müəyyən bir rayonuna doğru uçduğu müəyyən edilərsə, həmin ərazidə siren səsi çalınır və vətəndaşlara sığınacağa getmələri deyilir və biz də bunu etdik. Lakin bu raketlərin hamısı havada vurulub. Mütəxəssislər bunun görünməmiş bir uğur olduğunu deyirlər. Buna bənzər bir şey demək olar ki, heç vaxt baş verməyib, amma fakt faktlığında qalır. Lakin, raket zərərsizləşdirilsə belə, bu, təhlükənin olmadığı anlamına gəlmir, çünki raket havada buxarlanmır, o, bir neçə hissəyə parçalanıb yerə düşür və bu zaman təhlükə yarana bilər. Buna görə də, bir nəfər ölüb və bir neçə uşaq da daxil olmaqla müəyyən sayda insan yaralanıb. Lakin buna baxmayaraq, heç bir ciddi və ya kiçik ziyan dəyməyib.

- Nəhayət, çox müzakirə olunan müharibə başladı. Hazırki gedişat nə vəd edir?

- Müharibənin gedişatına gəldikdə, bir neçə gün əvvəl xəstəxanalara iki həftədən dörd həftəyə, yəni bir aya qədər davam edəcək müharibəyə hazırlaşmaq barədə göstəriş verilmişdi. Görünür, İsrail komandanlığı buna ümid edir, amma güman ki, müharibə daha qısa olacaq. Hər halda, İranın cavab zərbəsi öncəki müharibə ilə müqayisədə çox zəif idi. İsrailin hesabatlarına görə, əvvəlki, birinci müharibə zamanı İranın raket potensialının 40 faizinə qədəri məhv edilmişdi və ən əsası, İranın hava hücumundan müdafiə sistemləri ya müqavimət göstərə bilməmiş ya da tamamilə məhv edilmişdi. Lakin həmin müharibədən sonra İran yeni hava hücumundan müdafiə sisteminin yaradılmasında Çin və Rusiyadan kömək almışdı, ancaq bu yardım çox da faydalı olmadı. İkinci müharibədə İsrail qüvvələri yenə də İran səmasında tamamilə sərbəst hərəkət edir.

Bildiyiniz kimi, Xamenei də daxil olmaqla bütün rəhbərliyin öldürülməsi ilə bağlı məlumat var. Baş Qərargah rəisi və müdafiə naziri öldürülüb. Zamanla bu məlumatlar daha da dəqiqləşəcək. Netanyahu İran xalqına müraciətində bütün əsas etnik qrupları, o cümlədən azərbaycanlıları sadaladı və İsrailin İran xalqına qarşı deyil, mövcud rejimə qarşı mübarizə apardığını dedi. Baxaq görək, vəziyyət bundan sonra necə inkişaf edəcək.

- Bu müharibə sanki gözlənilməz oldu... Çünki danışıqlar gedirdi.

- Əlbəttə ki, müharibə həmişə gözlənilməzdir, lakin hələ ki, həm İsrail, həm də İran üçün son dərəcə əlverişli formada davam edir. İlk gün başa çatdı. İranın zərbələrinin intensivliyi gözləniləndən və əvvəlki müharibədən daha azdır. İsrailə ciddi ziyan dəyməyib və Yaxın Şərqdəki Amerika bazalarına edilən hücumlar da ciddi ziyana səbəb olmayıb. Bilirsiniz, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki bir otelə və Səudiyyə Ərəbistanındakı obyektlərə zərbələr endirilib. Təəssüf ki, artıq itkilər var.

Onu da qeyd etmək lazımdır ki, bu, ilk dəfə deyil və birinci müharibə zamanı da baş vermişdi, ərəb ölkələri praktik olaraq İsrailin müdafiəsinə qalxmışdı. İordaniya təxminən 60 ballistik raketi zərərsizləşdirib. İordaniyada Amerika qüvvələri var. Fikrimcə, bunu etməyə də bilərdilər. Amma məlum olur ki, İordaniya İsraillə birlikdə hərəkət edir. Körfəz dövlətlərinə gəldikdə isə, Səudiyyə Ərəbistanı rəsmi olaraq İranın ərəb ölkələrinə zərbə endirməyə davam edəcəyi halda ərəb ordularının İsrail və ABŞ-a qoşularaq İrana zərbə endirəcəyini bildirib. Bu, həm də böyük siyasi qələbədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31