Bloomberg: ABŞ və müttəfiqlərinin raket-əleyhinə ehtiyatları sürətlə tükənə bilər – ÖZƏL
2 Mart 11:45 DünyaABŞ, İsrail və Fars körfəzi ölkələrinin raket-əleyhinə interceptor arsenalı İranın hazırkı zərbə intensivliyini qoruyacağı təqdirdə bir neçə gün ərzində tükənə bilər. Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg vəziyyətlə tanış mənbəyə istinadən yazıb.
Agentlik qeyd edir ki, İranın ballistik və qanadlı raketləri, eləcə də pilotsuz uçuş aparatlarına qarşı müdafiə çoxlu sayda interceptor tələb edir. Hərbi doktrinaya əsasən, adətən bir hədəfə qarşı iki-üç raket buraxılır. Nəticədə ehtiyatlar istehsal tempini qabaqlayaraq daha sürətlə azalır.
Stimson Center analitik mərkəzinin baş elmi əməkdaşı Kelly Grieco Bloomberg-ə bildirib ki, xüsusilə ballistik raketlərə qarşı istifadə olunan interceptorlar "ciddi narahatlıq" doğurur, çünki "onları istehsal edə bildiyimizdən daha sürətlə istifadə edirik".
Ekspertlərin fikrincə, İran tərəfindən kütləvi buraxılışlar davam edərsə, əsas məsələ hava hücumundan müdafiə sistemlərinin effektivliyi deyil, sursat ehtiyatlarının kimin əvvəl tükənəcəyidir.
Eyni zamanda The Wall Street Journal yazır ki, ABŞ hərbçiləri İranla mümkün genişmiqyaslı münaqişə halında raket-əleyhinə interceptor ehtiyatlarının sürətlə azalması riski barədə ölkə rəhbərliyini xəbərdar ediblər. Nəşrin məlumatına görə, söhbət, o cümlədən Patriot və THAAD hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan sursatlardan gedir. İntensiv raket hücumları şəraitində bu ehtiyatlar bir neçə həftə ərzində əhəmiyyətli dərəcədə azala bilər.