Tehran və Vaşinqton arasında “nüvə” qarşıdurması: İran ABŞ-ni Gebbels taktikası işlətməkdə ittiham etdi – ÖZƏL

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai, ABŞ administrasiyasının İranın nüvə və raket proqramı ilə bağlı son bəyanatlarına kəskin reaksiya verib. O, Vaşinqtonun bəyanatlarını "böyük yalan" və sistemli dezinformasiya kampaniyası adlandırıb.

"Gebbelsin təbliğat qanunları ilə hərəkət edirlər"

Olaylar.az xəbər verir ki, Bəqai özünün "X" sosial şəbəkə hesabında paylaşdığı bəyanatda ABŞ-ni nasist Almaniyasının təbliğat metodlarından istifadə etməkdə ittiham edib: "Peşəkar yalançılar "həqiqət illüziyası" yaratmaqda ustadırlar. "Yalanı kifayət qədər tez-tez təkrarlayın və o, həqiqətə çevrilsin" - bu, nasist Cozef Gebbels tərəfindən uydurulmuş təbliğat qanunudur".

Sözçü qeyd edib ki, hazırda bu metod ABŞ administrasiyası, "müharibə dəllalları" və İsrail rejimi tərəfindən İran xalqına qarşı sistemli şəkildə tətbiq olunur. Bəqai vurğulayıb ki, İranın nüvə proqramı, ballistik raketləri və ölkədəki daxili iğtişaşlar zamanı qurbanların sayı barədə deyilənlər "böyük yalan"ın təkrarıdır.

Trampın Konqresdəki xəbərdarlığı: "İran raketləri ABŞ-yə çata bilər"

İran tərəfinin bu sərt reaksiyası ABŞ Prezidenti Donald Trampın Konqresin hər iki palatası qarşısında etdiyi "Ölkənin vəziyyəti haqqında" illik müraciətindən sonraya təsadüf edir. Tramp öz çıxışında aşağıdakı məqamlara toxunmuşdu: "İran artıq Avropanı və xaricdəki bazalarımızı hədəf ala bilən raketlər hazırlayıb. Onlar indi ABŞ-yə çata biləcək raketlər üzərində işləyirlər".

Tramp problemi diplomatik yolla həll etmək istədiyini, lakin İranın hələ də "Bizim heç vaxt nüvə silahımız olmayacaq" ifadəsini işlətmədiyini bildirib. "Mən dünyanın əsas terror sponsoru olan bir dövlətin nüvə silahına sahib olmasına əsla icazə verməyəcəyəm. Yer üzündəki ən güclü ordu bizdədir və kimsə amerikalıların qətiyyətinə şübhə etməməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31