Ermənistan Respublika Partiyası seçkilərə qatılacaq? – Sarkisyanın partiyası apreldə qurultay keçirir – ÖZƏL
12:01 DünyaErmənistanın keçmiş prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası (ERP) 7 iyun tarixinə təyin edilmiş parlament seçkilərində iştirakla bağlı hələlik rəsmi qərarını açıqlamayıb. Lakin partiyanın aprel ayının əvvəli üçün böyük qurultay planlaşdırdığı məlum olub.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat yayan "Hraparak" qəzeti qeyd edir ki, partiya hazırda gizli, lakin aktiv hazırlıq prosesindədir. Partiya rəhbərliyi yerli icmalara və regional strukturlara səfərlər edir. Maraqlıdır ki, bu görüşlər naməlum səbəblərdən mətbuatda işıqlandırılmır. ERP qurultayda təqdim olunacaq uzunmüddətli inkişaf strategiyası üzərində işləyir və daxili struktur islahatları aparır. Partiyanın seçkilərdə iştirak edib-etməyəcəyini martın ortalarında elan edəcəyi gözlənilir.
Mənbələrin verdiyi məlumata görə, yekun qərar hələ verilməyib və hazırda iştirak ehtimalı 50/50-yə qiymətləndirilir. Əgər partiya seçkilərə qatılmaq qərarı verərsə, qüvvədə olan qanunvericiliyə əsasən, seçki siyahısının ilk 30 namizədi məhz aprel qurultayında təsdiqlənəcək.
Bəzi siyasi dairələrin fikrincə, Respublika Partiyası seçkilərdə müstəqil şəkildə iştirak etməkdən imtina edə bilər. Bu halda partiyanın hakim "Mülki Müqavilə" partiyasına qarşı digər müxalif qüvvələri dəstəkləyəcəyi istisna olunmur.