Avropa Parlamenti Komitəsində Gürcüstanla bağlı hesabat təqdim olunacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Parlamentinin Xarici İşlər Komitəsində Gürcüstan üzrə hesabat təqdim ediləcək. Sənədi parlamentin daimi məruzəçisi Rasa Juknevičienė təqdim edəcək.

Layihə sənəddə Gürcüstanda demokratik geriləmənin daha da dərinləşdiyi, hakim Gürcü Arzusu partiyasının Aİ və onun nümayəndələrinə qarşı sistemli kampaniya apardığı qeyd olunur. Hesabatda bildirilir ki, ölkəyə namizəd statusu verilərkən müəyyən edilmiş doqquz prioritet üzrə geriləmə müşahidə edilir.

Sənəddə vətəndaş cəmiyyəti və müstəqil medianın fəaliyyətinin repressiv qanunvericilik, xüsusilə qrantlar haqqında qanuna son dəyişikliklərlə məhdudlaşdırıldığı vurğulanır. Eyni zamanda siyasi opponentlərin təzyiqə, zorakılığa və həbslərə məruz qaldığı bildirilir.

Hesabatda Aİ və üzv dövlətlər tərəfindən "Gürcü Arzusu" rəhbərliyinə qarşı hədəfli sanksiyalara dəstək ifadə olunur, ATƏT-in "Moskva mexanizmi"nin aktivləşdirilməsi və Aİ-nin Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi dayandırması alqışlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31