Fransada marketlərdə oğurluq hallarına qarşı süni intellekt tətbiq olunur

Fransada süni intellekt supermarketlərin təhlükəsizlik sistemlərinə inteqrasiya olunur.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Supermarket sahibləri bildirirlər ki, süni intellektlə təchiz olunmuş videomüşahidə kameraları bizneslərinə əhəmiyyətli dərəcədə kömək edir. Lakin tənqidçilər xəbərdarlıq edirlər ki, geniş şəkildə tənzimlənməyən bu texnologiya ciddi etik və şəxsi həyat toxunulmazlığı ilə bağlı narahatlıq yaradır.

Fransada minlərlə supermarket artıq oğurluqları aşkar etmək üçün süni intellektdən istifadə edir. Sistem müştərilərin hərəkətlərini real vaxt rejimində analiz edərək şübhəli davranışları müəyyənləşdirir.

Bildirilir ki, texnologiya bir çox supermarketdə itkiləri azaldıb, lakin eyni zamanda məxfilik və şəffaflıqla bağlı suallar doğurur.

Proqram təminatı mağazadakı kameraların real vaxt görüntülərini təhlil etməklə işləyir. Alqoritm şübhəli jest və ya davranış - məsələn, məhsulu çantaya qoymaq və ya məhsullara dəfələrlə toxunmaq, lakin onları kassadan keçirməmək aşkar etdikdə, mağaza əməkdaşlarına qısa video fraqment göndərir.

Supermarket sahibi Arul Cudson deyib ki, süni intellekt olmadan bir ildə təxminən 60 min avro itirib, lakin indi itkilər təxminən iki dəfə azalıb.

Bu arada, Parisdə əczaçı Latifa Qarbi kameralarını süni intellektlə gücləndirmək üçün ayda 200 avro ödəyir və bununla illik təxminən 4 min avro qənaət edir, həmçinin mühafizəçi xərclərindən yayınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31