Ermənistanlı deputat: Söhbət sülhdən yox, sadəcə “müharibəsizlik” mərhələsindən gedir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentində müxalif "Ermənistan" blokunun deputatı Eline Vardanyan NEWS.am-a açıqlamasında bildirib ki, reallıqda Ermənistan Azərbaycanla sülh mərhələsində deyil.

Onun sözlərinə görə, hazırkı vəziyyəti "müharibəsizlik" mərhələsi kimi qiymətləndirmək olar: "Əgər tamhüquqlu sülhdən danışırsansa və eyni zamanda məhbuslar həbsdə saxlanılırsa, deməli, əslində sülh yoxdur".(?)

Deputat Bakıda erməni əsilli şəxslərlə bağlı çıxarılan məhkəmə hökmlərinə də münasibət bildirib. O, həmçinin ABŞ-nin vitse-prezidenti J. D. Vensin Azərbaycana səfərinin effektiv olmadığını iddia edib. Vardanyanın sözlərinə görə, bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev amnistiya olmayacağı ilə bağlı açıqlama verib.

Müxalif deputat hesab edir ki, rəsmi Bakı saxlanılan şəxslərdən siyasi alət kimi istifadə edir. (?)O, eyni zamanda Ermənistan hakimiyyətini də tənqid edərək bildirib ki, əgər rəsmi İrəvan onların geri qaytarılmasında maraqlı olsaydı, bunu hər hansı sənədin imzalanması üçün ön şərt kimi irəli sürərdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31