Qırğızıstanda erkən prezident seçkiləri keçirilməyəcək- Konstitusiya Məhkəməsi qərar verdi- ÖZƏL
16:30 DünyaQırğızıstanda erkən prezident seçkilərinin keçirilməsi üçün hüquqi əsas yoxdur. Olaylar.az xəbər verir ki, bu barədə Qırğızıstan Konstitusiya Məhkəməsinin yaydığı qərarda bildirilir.
Məhkəmənin qərarına əsasən, ölkə prezidenti Sadır Japarovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmədiyi üçün növbədənkənar seçkilərin keçirilməsi hüquqi baxımdan mümkün deyil. Qərar dövlət başçısının Konstitusiya normalarının şərhi ilə bağlı müraciətindən sonra qəbul olunub.
Konstitusiya Məhkəməsi prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün yalnız dörd əsasın mövcud olduğunu qeyd edib: şəxsi ərizə ilə istefa, qanunla müəyyən edilmiş qaydada vəzifədən kənarlaşdırılma, səhhətinə görə səlahiyyətlərini icra edə bilməməsi və ya vəfatı. Məhkəmə vurğulayıb ki, bu siyahı qapalıdır və onun genişləndirilməsi Konstitusiyada nəzərdə tutulmayan yeni əsasın tətbiqi demək olardı ki, bu da qeyri-konstitusion hesab edilir.
Qərarda qeyd olunur ki, göstərilən hallardan heç biri mövcud olmadığından erkən seçki ssenarisi hüquqi cəhətdən istisna edilir və ölkədə növbəti seçkilər adi seçki təqviminə uyğun keçiriləcək.