Epşteyn sənədləri Klintonlar barədə nə deyir? - ŞOK açıqlamalar

ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə açıqladığı son sənədlər keçmiş prezident Bill Klintonun əməkdaşlarının Ceffri Epşteyn və onun uzunmüddətli tərəfdaşı Qisleyn Maksvell ilə necə əlaqə saxladığını ortaya qoyur.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Kanalın xəbərinə görə, sənədlərdə bəzən qeyri-etik və açıq-saçıq məzmunlu elektron yazışmalar da yer alır.

Bu sənədlərin dərc olunması Klintonlara qarşı Konqresə hörmətsizliklə bağlı gözlənilən səsvermədən bir neçə gün əvvəl baş verib. Klintonlar Epşteyn işi üzrə iki partiyalı araşdırma çərçivəsində ifadə verməkdən imtina etdiklərinə görə Konqresin çağırışına məhəl qoymamaqda ittiham olunurlar.

Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının bu həftə Bill və Hillari Klintonu Konqresə hörmətsizlikdə günahlandırmaq üçün səsvermə keçirməsi gözlənilir. Keçən ay komitədə həm respublikaçılar, həm də bəzi demokratlar keçmiş prezident və keçmiş dövlət katibinin bu maddə ilə ittiham olunmasının lehinə səs veriblər.

Cümə günü açıqlanan - 3 milyondan çox sənədi əhatə edən - Epşteyn faylları dekabrda yayımlanmış əvvəlki kiçik paketdən sonra təqdim olunub. Həmin sənədlərdə Bill Klintonun Epşteynlə birlikdə əvvəllər görülməmiş fotoları və Ədliyyə Nazirliyi rəsmisinin Ceffri Epşteynin "cinsi istismar qurbanı" kimi təsvir etdiyi bir şəxslə isti vannada köynəksiz görüntüləri yer almışdı.

Son sənədlərdə 2001-2004-cü illər arasında Maksvell ilə Klintonun əməkdaşları arasında intensiv yazışmalar da var. CNN-in təhlilinə görə, məhz bu dövrdə Bill Klinton əməkdaşları ilə birlikdə Epşteynin şəxsi təyyarəsində azı 16 dəfə səyahət edib.

Yeni sənədlər arasında həmçinin Ədliyyə Nazirliyinin ötən yay topladığı, təsdiqlənməmiş məlumatlara əsaslanan Donald Trampa qarşı cinsi istismar iddialarının siyahısı da yer alır. Həmin siyahıda Bill Klintonun da adı çəkilir.

Həm Tramp, həm də Klinton Epşteynlə bağlı hər hansı qanunsuzluqda iştirak etdiklərini inkar ediblər. Trampa qarşı iddialarla bağlı Ağ Ev Ədliyyə Nazirliyinin "burada saxta və ya yanlış təqdim olunmuş materiallar ola bilər" açıqlamasına istinad edib.

Klintonun nümayəndəsi dəfələrlə bildirib ki, keçmiş prezident 2006-cı ildə Epşteyn fahişəliyə cəlb etmə ittihamı ilə üzləşməzdən əvvəl onunla əlaqəni kəsib və cinayətlərindən xəbərsiz olub. Klinton Epşteynin adasına heç vaxt getmədiyini də vurğulayıb.

Klinton və Tramp Ədliyyə Nazirliyinin açıqladığı Epşteyn sənədlərində adı keçən çoxsaylı tanınmış şəxslər sırasındadır. Tramp dövründə sənədlərin dərcinə müqavimət göstərildikdən sonra Konqres ötən il onların açıqlanmasını məcburi edən qanun qəbul edib. Epşteyn 2019-cu ildə federal insan alveri ittihamları ilə məhkəməni gözləyərkən həbsxanada intihar edib.

Maksvellin elektron məktubları

Elektron məktublarda Klintonun əməkdaşlarının adları çox vaxt gizlədilib və yalnız "WJC" qısaltması göstərilib. Bu, prezidentlikdən sonrakı dövrdə Bill Klintonun ofisinə aid olduğu ehtimal edilir.

Klintonun sözçüsü Anxel Urenya CNN-ə bildirib ki, Epşteyn sənədlərindəki məktubların heç biri Bill Klinton tərəfindən göndərilməyib.

"Kimə aid olduğunu deyə bilmərəm, amma kimə aid olmadığını deyə bilərəm: Bill Klintona," - deyə Urenya bildirib. Onun sözlərinə görə, Klinton həyatında cəmi iki dəfə elektron məktub yazıb - hər ikisi prezident olduğu dövrdə.

Urenya həmçinin qeyd edib ki, Klinton heç kimlə cihaz, hesab və ya elektron ünvan paylaşmayıb.

CNN-in araşdırmasına görə, Maksvell ilə Klintonun əməkdaşları arasındakı yazışmalar əsasən səfər və yemək planları, eləcə də keçmiş prezident üçün dəvətlərlə bağlı olub. Bu əlaqələrin fondun işi ilə, yoxsa şəxsi münasibətlərlə bağlı olduğu isə məlum deyil.

2003-cü ilin aprelində Maksvell bir məktubunda yazıb:

"Şam yeməyinə gəlməyinizə sevindik. Ceffri Epşteyn soruşur ki, Klinton da gəlmək istərmi?"

2001-ci ilin dekabrında isə bir əməkdaş Şotlandiya səfəri zamanı qolf oyunu təşkil etmək üçün Şahzadə Endryunun telefon nömrəsini istəyib. Maksvell cavabında bildirib ki, Endryu hazırda Şotlandiyada deyil, amma Klintona zəng edə bilər.

"Doug" adının kimə aid olduğu bilinmir, lakin həmin dövrdə Klintonun əsas məsləhətçilərindən biri Doug Band idi.

Bəzi məktublarda Maksvellin flirt xarakterli ifadələrdən istifadə etdiyi də görünür. Bir məktubunda o, tabloid qəzetə ünvanladığı zarafatyana açıqlamanı paylaşaraq yazıb.

2002-ci ilə aid başqa bir məktubda isə Klinton ofisinə aid ünvanlardan birindən göndərilən mesajda şəxsi həyatla bağlı qeyri-ciddi etiraflar yer alıb.

Sənədlərdə Maksvell ilə Bill Klinton arasında birbaşa yazışma olduğuna dair sübut yoxdur. Bir məktubda Doug Band onunla Klintonun eyni "BlackBerry" hesabından istifadə etdiyini qeyd edib.

2009-cu ildə Maksvell Epşteynlə birlikdə qızları cəlb etmək və istismar etməkdə ittiham olunduqdan sonra belə, Klinton dairələrində qəbul edilməyə davam edib. CNN-in məlumatına görə, o, 2013-cü ildə Klinton Qlobal Təşəbbüsü konfransında qonaq olub.

Konqresə hörmətsizlik məsələsi

Ədliyyə Nazirliyi və Epşteynin mirasçıları Klintonun Epşteynlə əlaqələrini göstərən sənədləri açıqladığı bir vaxtda Nümayəndələr Palatasındakı respublikaçılar Klintonların ifadə verməsi məsələsində onların nümayəndələri ilə aylardır mübahisə aparır.

Komitənin sədri Ceyms Komer Klintonların qapalı müsahibədə şəxsən iştirak etməsində israr edib. Onun sözlərinə görə, Epşteyn Ağ Evə gəlib və Klinton onun təyyarəsində uçub, bu da keçmiş prezidentin araşdırma üçün vacib məlumatlara sahib ola biləcəyini göstərir.

Klintonların vəkilləri isə çağırışları "qanunsuz və hüquqi qüvvəsi olmayan" adlandırıblar.

Son anda Klinton tərəfi Nyu-Yorkda məhdud çərçivədə müsahibə verməyi təklif etsə də, Komer bunu xüsusi imtiyaz kimi qiymətləndirərək rədd edib. Nəticədə Klintonlar planlaşdırılan dindirilməyə qatılmayıblar.

Komitədə keçirilən səsvermədə yalnız respublikaçılar deyil, demokratların da təxminən yarısı hörmətsizlik maddəsinin irəli sürülməsini dəstəkləyib.

Bəzi demokrat liderlər isə prosesin Ədliyyə Nazirliyi bütün sənədləri açıqlayana qədər dayandırılmalı olduğunu bildiriblər.

Əgər Palata səsverməni təsdiqləsə, bu, daha çox siyasi xarakter daşıyacaq, lakin Klintonları ifadə verməyə məcbur etmək üçün hüquqi alət kimi də istifadə oluna bilər. Məsələ eyni zamanda prokurorluğa da göndərilə bilər.

Bununla belə, səsverməyə qədər tərəflər arasında razılaşma əldə olunması ehtimalı da qalmaqdadır. Komer ötən həftə "razılaşma üçün imkanın olduğunu" bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31