Eçmiədzinə "Alternativ Katolikos" planı: Paşinyan hərəkətə keçdi – ÖZƏL

Eçmiədzin rəhbərliyinin son vaxtlar fəaliyyətini mühacirətdə davam etdirmək və "sürgündə kilsə" strukturu yaratmaq planları Ermənistan hökumətini sərt addımlar atmağa sövq edib. Olaylar.az xəbər verir ki, "Nezavisimaya qazeta"nın yazdığına görə, Nikol Paşinyan administrasiyası xaricdə alternativ dini mərkəzin yaranma təhlükəsini birdəfəlik aradan qaldırmaq qərarına gəlib.

Bütün ermənilərin katolikosunun ölkə daxilində manevr imkanları kəskin şəkildə məhdudlaşıb. Ona qarşı həm kilsə məhkəməsi tərəfindən devrilmə, həm də "dövlətə xəyanət" maddəsi ilə cinayət işinin açılması hədələri səslənir. Katolikosun fevral ayı boyu xaricdəki aktivlərini təftiş etməsi və mühacirətə hazırlıq görüntüsü yaratması rəsmi İrəvanı qəti addımlara sövq edən əsas amil olub.

ABŞ-dən gələn gözlənilməz təzyiq

Paşinyanın bu hücumunu sürətləndirən digər səbəb isə ABŞ vitse-prezidenti Cey Di Vensin 10 fevralda İrəvana səfəri olub. Strateji tərəfdaşlıq bəyanatlarına baxmayaraq, səfər zamanı qarabağlı ermənilərin "xristian girovları azad edin" şüarları və həbsdə olan arxiyepiskop Baqrat Qalstanyanın Vensə ünvanladığı məktub vəziyyəti gərginləşdirib. Vens administrasiyasının məktubu qəbul etməsi Ermənistanda dini azadlıqlar məsələsini beynəlxalq gündəmə daşıyıb.

Yeni namizəd kimdir?

Ekspertlərin fikrincə, "sürgündə kilsə" layihəsi iflasa uğradılıb. İndi Paşinyan hökumətə sadiq ruhanilərin əli ilə Eçmiədzində alternativ seçim keçirməyə hazırlaşır. Türkiyə mediasında yayılan iddialara görə, hakimiyyətin bu post üçün əsas namizədi İstanbul Erməni Patriarxı Sahak Maşalyandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31