Makronun “B planı”: Sağçıların hakimiyyətə gəlişinə qarşı kadr islahatları – ÖZƏL
11:23 DünyaFransa Prezidenti Emmanuel Makron ölkənin gələcək mümkün sağçı rəhbərliyinin siyasi manevrlərini məhdudlaşdırmaq üçün strateji addımlar atır.
Olaylar.az xəbər verir ki, "Politico" nəşrinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Yelisey sarayı öz müttəfiqlərini mühüm vəzifələrə təyin etməklə hakimiyyət mexanizmlərini möhkəmləndirməyə çalışır.
Mənbələr qeyd edir ki, Makron qarşıdan gələn siyasi təhlükədən narahatdır və öz nüfuzunu qorumaq niyyətindədir. Bildirilir ki, bütün əsas təyinatlar 2027-ci ilin mayında keçiriləcək prezident seçkilərinə qədər yekunlaşmalıdır.
Prezidentin kadr islahatları xüsusilə həssas sahələri əhatə edir. Baş Qərargah rəisi Tyerri Bürkarın dəyişdirilməsi və digər hərbi təyinatlar sağçı "Milli Birlik" partiyasının NATO-nun vahid komandanlığından çıxmaq kimi radikal təkliflərinə qarşı müqavimət göstərə biləcək şəxslərin gətirilməsinə xidmət edir. Yaxın aylarda Fransanın Vaşinqton, London, Berlin və Kiyev də daxil olmaqla 60-dan çox regiondakı diplomatik missiyalarına yeni səfirlər təyin olunacaq.
Məlumatda vurğulanır ki, bu yerdəyişmələr Makronun karyerasının sonunda "iz qoymaq" istəyindən deyil, dövlət təsisatlarını "Milli Birlik" partiyasının gətirə biləcəyi mümkün sarsıntılardan sığortalamaq istəyindən irəli gəlir.
Son rəy sorğuları göstərir ki, sağçı müxalifətin lideri Marin Le Pen və partiya sədri Jordan Bardella növbəti prezident seçkilərində ən güclü namizədlər hesab olunurlar. Makron məhz bu ssenarinin reallaşacağı təqdirdə dövlət aparatının öz kursunu qoruyub saxlamasını hədəfləyir.