Estoniya Rusiyadan matryoşka kuklalarının idxalına cəhddən sonra cinayət işi açıb- ÖZƏL 

Estoniyanın hüquq-mühafizə orqanları Rusiya-Estoniya sərhədindən 170 ədəd matryoşka kuklasını keçirməyə cəhd göstərən ölkə vətəndaşı barəsində cinayət işi açıb. Olaylar.az xəbər verir ki, bu barədə Estoniyanın milli teleradio portalı ERR Vergi və Gömrük Departamentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, 39 yaşlı Estoniya vətəndaşı Rusiyadan "Luhamaa" sərhəd-keçid məntəqəsinə daxil olarkən məcburi bəyan edilməli malının olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı onun üzərindən 170 ədəd matryoşka aşkar edilib.
Qurumdan bildirilib ki, həmin şəxs barəsində daha əvvəl də sanksiya rejiminin pozulması ilə bağlı cinayət işi başlanıb. Yeni fakt başlanmış cinayət işinə əlavə epizod kimi daxil edilib.
Portal aşkarlanan matryoşkaların hansı dövlət və ya qurumun tətbiq etdiyi sanksiyalara məruz qaldığını və məhdudiyyətlərin nə vaxt qüvvəyə mindiyini dəqiqləşdirməyib.
Bundan əvvəl Estoniya sərhədçiləri Rusiyadan ölkəyə samovar keçirməyə cəhd edən İsrail vətəndaşının ölkəyə girişinə də icazə verməmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31