Qazaxıstan dövlət dilinin milləti birləşdirən dil olaraq qalacağını açıqladı- ÖZƏL
11:42 DünyaQazaxıstanın yeni konstitusiyasında dövlət dili milləti birləşdirən dil olaraq qalacaq. Olaylar.az xəbər verir ki, bu barədə aşağı palata - Məclis deputatı Kazıbek İsa bildirib. Deputat vurğulayıb ki, polietnik bir cəmiyyətdə dil məsələsinə ehtiyatlı yanaşmaq sabitliyin qorunması mexanizmi kimi çıxış edir: "Dövlət dilimiz bundan sonra da milləti birləşdirən dil olaraq qalacaq".
O, hazırkı geosiyasi vəziyyətin çox mürəkkəb olduğunu və dil məsələsinin "təhlükəsizlik amilinə" çevrildiyini qeyd edib. "Dil ilə bağlı sərt qərarlar xarici qüvvələrə informasiya və siyasi manipulyasiya üçün hazır arqument verir", - deyə deputat bildirib.
Kazıbek İsa həmçinin xatırladıb ki, Qazaxıstan vətəndaşlığı almaq üçün dövlət dili üzrə imtahan verilməlidir və dövlət qulluğuna qəbul zamanı da kazax dili biliyi yoxlanılır. Bu, dövlət dilinə verilən önəmin göstəricisidir.
Yeni konstitusiya layihəsində, mövcud əsas qanuna uyğun olaraq, dövlət dili kazax dili olaraq müəyyən olunub. Eyni zamanda, dövlət və yerli özünüidarə orqanlarında rəsmi olaraq rus dili də istifadə olunur. Həmçinin dövlət "Qazaxıstan xalqının birliyi üçün dillərin öyrənilməsi və inkişaf etdirilməsi şəraitinin yaradılmasına diqqət yetirir".