Pentaqondan dünya hərb tarixində şok qərar: Ukrayna şirkətləri ABŞ ordusunu silahlandıracaq
10:57 DünyaPentaqonun ABŞ ordusu üçün yüz minlərlə kamikadze-dron ehtiyatı yaratmaq qərarı və bu layihəyə Ukrayna şirkətlərini dəvət etməsi hərb dünyasında əsl sensasiya yaradıb.
Musavat.com xəbər verir ki, Müdafiə naziri Pit Heqsetin birbaşa göstərişi ilə hazırlanan strateji satınalma planı Amerika ordusunun ən qısa zamanda müasir zərbə dronları ilə təchiz olunmasını hədəfləyir. Nazirliyin rəsmi olaraq elan etdiyi "Drone Dominance Program"ın (Dron Dominantlığı Proqramı) ilk mərhələsinə seçilən 25 iştirakçı arasında Ukraynanın "General Cherry Corp" və "Ukranian Defence Drones Tech Corp" şirkətlərinin yer alması isə Ukrayna hərbi sənayesinin qlobal müstəvidə ən yüksək səviyyəyə yüksəldiyini təsdiqləyir.
Fevralın 18-də Fort-Benning hərbi bazasında start götürəcək "Gauntlet" adlı ilk mərhələdə Ukrayna və ABŞ istehsalı olan prototiplər ciddi sınaqlardan keçiriləcək. Hərbçilərin sınaq və qiymətləndirmə prosesi martın əvvəlinə qədər davam edəcək və dərhal sonra qalib gələn sistemlər üçün təxminən 150 milyon dollar dəyərində ilk sifarişlər yerləşdiriləcək. Ümumilikdə dörd mərhələdən ibarət olacaq bu nəhəng proqram çərçivəsində tədarük prosesi mart ayından etibarən növbəti beş ay ərzində sürətlə icra olunacaq. Beləliklə, döyüş meydanında sınaqdan çıxmış Ukrayna texnologiyaları artıq ABŞ-ın hərbi arsenalının əsasını təşkil edəcək.