Kadırovun qohumunun İrəvanda MÜƏMMALI QƏTLİ: Bastrıkin Ermənistanı CAVABSIZ QOYDU
10:29 DünyaRusiya İstintaq Komitəsi erməni müstəntiqlərin çeçen əsilli Ayşat Baymuradovanın qətli ilə bağlı istintaqa yardım göstərilməsi xahişi ilə göndərdikləri sorğuya cavab verməyib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.
Qeyd olunub ki, dekabrın 1-də ehtimal olunan qatillər barədə məlumat əldə etmək üçün İnterpola müraciət olunub.
Ermənistan tərəfi rəsmi şəkildə təsdiqləyib ki, iş üzrə şübhəli qismində Rusiya vətəndaşları, Karina İminova və Səid-Xəmzət Baysarovun adı keçir.
İstintaqın məlumatına görə, qətlin baş verdiyi gün məhz bu şəxslər sonradan 23 yaşlı Baymuradovanın meyitinin tapıldığı İrəvandakı mənzildən çıxıblar. Müstəntiqlər hesab edirlər ki, şübhəlilər "şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş" bir nəfərin göstərişi ilə hərəkət ediblər.
İlkin rəyə əsasən, ölümün səbəbi mexaniki boğulma olub.
Meyitin üzərində küt alətlərlə vurulma nəticəsində yaranan çoxsaylı xəsarət izləri, eləcə də yüksək temperaturun təsirindən yarana biləcək izlər qeydə alınıb. Daha əvvəl istintaqla tanış mənbələr zəhərlənmə ehtimalını da istisna etmirdilər.
Məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun uzaq qohumu olan Ayşat Baymuradova hüquq müdafiəçilərinin köməyi ilə respublikanı tərk edib və 2025-ci ilin yanvarından İrəvanda yaşayırdı. O, oktyabr ayında Karina İminova ilə görüşdən sonra itkin düşüb, bir neçə gün sonra isə kirayə mənzildə ölü halda tapılıb.
KİV-in məlumatına görə, Səid-Xəmzət Baysarov Çeçenistan rəhbərinin yaxın çevrəsinə daxil olan iş adamı Ruslan Baysarovun qardaşı oğludur.
Baymuradovanın işi Şimali Qafqazda ailələrindən qaçan qadınların təqibi və itkin düşməsi ilə bağlı rezonans doğuran hadisələr silsiləsinə daxil edilir. Hüquq müdafiəçiləri dəfələrlə regiondan kənarda da baş verə bilən oğurluq və "namus qətlləri" riskləri barədə xəbərdarlıq ediblər.