“Epşteyn faylları”nda şok : Makronun adı gizli yazışmalarda

"Epşteyn faylları" adı ilə yayılan sənədlərdə Fransa prezidenti Emmanuel Makronla bağlı səs-küylü iddialar yer alır.

Musavat.com xəbər verir ki, sənədlərdəki çoxsaylı elektron məktublar Makronun Fransua Olland dövründə - 2016-cı ildə Fransanın maliyyə naziri olarkən Ceffri Epşteynlə iş apardığını, bu əlaqələrin isə Sultan bin Süleyman vasitəsilə qurulduğunu göstərdiyi iddia olunur.

İddialara əsasən, 2018-ci ilə aid elektron yazışmalar Makronun prezidentliyinin ilk dövründə Fransa və Avropa üçün yeni siyasətin hazırlanması prosesində Epşteynə və adı açıqlanmayan digər əlbir şəxslərə müraciət etdiyini, onlardan kömək və məsləhət istədiyini ortaya qoyur.

Sultan bin Süleyman kimdir?

Sultan bin Süleyman Birləşmiş Ərəb Əmirliklərinin ən nüfuzlu iş adamlarından biridir. O, Dubay hökumətinə məxsus Dubai World dövlət holdinginin sədri və baş icraçı direktorudur. Eyni zamanda qlobal liman və logistika nəhəngi olan DP World şirkətinə rəhbərlik edir. Sultan bin Süleyman beynəlxalq ticarət, logistika və maliyyə sahələrində geniş əlaqələrə malik fiqur kimi tanınır və müxtəlif regionlar arasında iqtisadi və siyasi əlaqələrdə vasitəçi rolu ilə tanınır.

Qeyd olunur ki, yayılan materiallar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Fransa hakimiyyəti və Emmanuel Makronun ofisi məsələ ilə bağlı açıqlama verməyib. Sənədlərin həqiqiliyi və hüquqi statusu hazırda qeyri-müəyyən olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31