Tramp İranla bağlı Pentaqona TAPŞIRIQ VERDİ
13:57 DünyaABŞ prezidenti Donald Tramp son günlər Pentaqondan İranla bağlı mümkün hərbi əməliyyatların genişləndirilmiş siyahısını alıb.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazır.
Nəşrin məlumatına görə, təqdim olunan variantlara İranın nüvə və raket obyektlərinə zərbələr endirilməsi, həmçinin ölkənin ali siyasi rəhbərliyini zəiflətməyə yönəlmiş əməliyyatlar daxildir. Qeyd olunur ki, yeni təkliflər əvvəl müzakirə olunan ssenariləri aşır və ABŞ silahlı qüvvələrinin İslam Respublikası ərazisində birbaşa reydlər keçirməsi ehtimalını da əhatə edir.
NYT yazır ki, Tramp Tehrandan nüvə proqramının məhdudlaşdırılması və "Yaxın Şərqi sabitsizləşdirən, İsrail üçün təhlükə yaradan" silahlı qruplaşmalara dəstəyin dayandırılması istiqamətində əlavə addımlar atılmasını tələb edir. Prezident və onun yaxın müşavirləri daha əvvəl səsləndirilən güc tətbiqi təhdidlərinin reallaşdırılıb-reallaşdırılmaması məsələsini, eləcə də İranda hakimiyyət dəyişikliyinin məqsədəuyğunluğunu müzakirə edirlər.
Mənbələrin bildirdiyinə görə, Tramp hələlik hərbi əməliyyata sanksiya verməyib və təqdim olunan variantlardan heç biri üzrə yekun qərar qəbul etməyib. Ağ Ev isə bəyan edir ki, prezident diplomatik həll yoluna hələ də açıqdır və hərbi təzyiqin nümayişi əsasən Tehranın danışıqlara cəlb olunmasına hesablanıb