Köçəryanın yeni idarəçilik modeli: "Superbaş nazirlik" sisteminə son qoyulmalıdır – ÖZƏL
13:45 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın son mətbuat konfransı ölkənin siyasi gündəmində geniş rezonans doğurub.
Politoloq Beniamin Matevosyanın fikrincə, Köçəryanın əsas mesajı ölkədə köklü konstitusiya islahatlarının keçirilməsinin qaçılmazlığı ilə bağlı olub.
Matevosyan qeyd edir ki, Köçəryanın tənqidləri sadəcə "ad dəyişikliyinə" deyil, mövcud Konstitusiyanın yaratdığı "superbaş nazirlik" sisteminə yönəlib. Bu sistem dövlət institutlarını tamamilə bir nəfərin iradəsindən asılı hala salıb.
İkinci prezidentin təklifi keçmişə mexaniki qayıdış deyil, inklüziv dövlət tərəfdaşlığı modelinə keçiddir. Bu yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, heç bir siyasi qüvvə və ya fərd idarəçiliyi öz əlində cəmləşdirə bilməməlidir. Koalisiyalar məcburi addım deyil, sistemin təbii bir mexanizminə çevrilməlidir. Ölkə üçün həyati əhəmiyyət kəsb edən qərarlar ekspert və siyasi dairələrin ortaq rəyi əsasında qəbul edilməlidir.
Politoloq öz şərhində hakim "Mülki Müqavilə" partiyasının mövqeyini də kəskin tənqid edib. O, hakimiyyət nümayəndələrinin Türkiyə qarşısındakı qorxusunun "istehza doğurduğunu" bildirib. Matevosyan qeyd edib ki, Ararat dağının (Ağrı dağı) təsvirinin müzakirəsi ərazi iddiası demək deyil və hakimiyyətin bu məsələdəki həssaslığı anlaşılmazdır.