Erməni Apostol Kilsəsinə təzyiq iddiası: Avstriya toplantısı əngəllənir – ÖZƏL

Bütün ermənilərin katolikosu ll Qaregin və Ali Ruhani Şuranın üzvlərinə Avstriyada keçirilməsi planlaşdırılan Arxiyerey Məclisini təşkil etməyə maneələr yaradılır. 

Olaylar.az xəbər verir ki, bu barədə hüquqşünas Ruben Melikyan sosial şəbəkədə canlı yayımda çıxış edərək Erməni Apostol Kilsəsinə qarşı açılmış yeni cinayət işi ilə bağlı açıqlama verib.

Daha əvvəl Ermənistan İstintaq Komitəsi məhkəmə qərarının icra edilməməsi faktı üzrə cinayət işi başladıldığını bildirib. İş Masiasotsn yeparxiyasının vəzifəsindən uzaqlaşdırılmış keçmiş rəhbəri Gevorq Saroyanla bağlıdır. Katolikos ll Qareginin 10 yanvar tarixli sərəncamı ilə Saroyan vəzifədən azad edilib; buna səbəb kimi vəzifə səlahiyyətlərindən sui-istifadə, öhdəliklərin lazımi şəkildə yerinə yetirilməməsi və ruhanilərə təzyiq göstərilməsi göstərilib.

Melikyanın sözlərinə görə, cinayət işi faktiki olaraq Katolikosun və Ali Ruhani Şuranın üzvlərinin əleyhinə yönəlib və məqsəd onların ölkədən çıxışına qadağa qoymaq üçün "ölkəni tərk etməmək" qətimkan tədbirinin tətbiqinə nail olmaqdır.

Hüquqşünas bunu avtoritar yanaşmanın növbəti təzahürü və Erməni Apostol Kilsəsinin fəaliyyətinə, o cümlədən Avstriyada keçiriləcək Arxiyerey Məclisinə mane olmaq cəhdi kimi qiymətləndirib. O, həmçinin iş çərçivəsində axtarışların da istisna olunmadığını bildirib.

Qeyd edək ki, Erməni Apostol Kilsəsinin Arxiyerey Məclisinin Avstriyada 16-19 fevral tarixlərində keçirilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31