MAQATE Ukraynadakı nüvə təhlükəsini müzakirə etmək üçün təcili toplanır – ÖZƏL
11:01 DünyaOlaylar.az xəbər verir ki, Ukraynanın atom elektrik stansiyalarında (AES) yaranmış gərgin vəziyyətlə bağlı bu gün (cümə günü) Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının növbədənkənar iclası keçiriləcək.
Niderland başda olmaqla 13 ölkə, Ukraynanın enerji infrastrukturuna edilən son hücumların nüvə təhlükəsizliyinə yaratdığı risklərə görə MAQATE-ni təcili toplantıya çağırıb.
Məktubda bildirilir ki, son zərbələr AES-lərin təhlükəsiz fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edən enerji sisteminə ciddi ziyan vurub.
Ötən həftə Çernobıl AES bütün xarici enerji mənbələrindən tamamilə məhrum olub. Eyni zamanda, 2022-ci ildən Rusiya qüvvələrinin nəzarətində olan Avropanın ən böyük atom stansiyası - Zaporojye AES də dəfələrlə hərbi əməliyyatların mərkəzində qalıb.
Beynəlxalq ictimaiyyət Ukraynanın nüvə obyektlərində elektrik enerjisinin tez-tez kəsilməsinin mümkün qəzalara yol açacağından ciddi narahatlıq ifadə edir.