Kuba ABŞ-ın yanacaq tədarükünü əngəlləyən yeni addımlarını sərt şəkildə pislədi-ÖZƏL
10:26 DünyaKuba ABŞ-ın adaya yanacaq tədarükünün qarşısını almağa yönəlmiş yeni tədbirlərini qətiyyətlə pisləyib. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Bruno Rodrigez Parrilla X sosial şəbəkəsində paylaşım edib. Nazir bildirib ki, Vaşinqton Kubaya qarşı növbəti eskalasiyaya gedərək faktiki olaraq yanacaq tədarükünə total blokada tətbiq etməyi təklif edir. Onun sözlərinə görə, ABŞ bu addımı əsaslandırmaq üçün uzun siyahı şəklində yalanlara əl atır və Kubanı real olmayan təhlükə kimi təqdim etməyə çalışır.
Rodrigez Parrilla vurğulayıb ki, regionda sülh, təhlükəsizlik və sabitlik üçün yeganə real təhdid ABŞ hökumətinin siyasətidir. O qeyd edib ki, ABŞ Latın Amerikası ölkələrini tabe etdirmək, talamaq, zəiflətmək və müstəqillikdən məhrum etmək niyyətindən əl çəkmir.
Kuba XİN rəhbəri həmçinin ABŞ-ın digər dövlətləri Kubaya qarşı geniş şəkildə pislənən blokada siyasətinə qoşulmağa məcbur etdiyini, bundan imtina edən ölkələri isə əsassız və ədalətsiz gömrük rüsumları ilə hədələdiyini bildirib. Onun sözlərinə görə, bu addımlar azad ticarətin bütün prinsiplərinin kobud şəkildə pozulmasıdır.
"Biz bütün dünya qarşısında Kuba və onun xalqına qarşı bu qəddar təcavüz aktını pisləyirik. Kuba artıq 65 ildən çoxdur ki, bütöv bir ölkəyə qarşı tətbiq edilmiş ən uzun və ən sərt iqtisadi blokadaya məruz qalır. ABŞ isə indi xalqımızın həyatı üçün daha da ekstremal şərait yaratmaq niyyətindədir", - deyə Rodrigez Parrilla qeyd edib.
Xatırladaq ki, yanvarın 29-da ABŞ prezidenti Donald Tramp imzaladığı sərəncama əsasən, Kubaya neft tədarük edən ölkələrdən idxal olunan mallara rüsumların tətbiq edilməsini mümkün edib. Müvafiq sənəd Ağ Evin rəsmi saytında dərc olunub.