Putin və Pezeşkian arasında telefon danışığı: Rusiya ABŞ–İran gərginliyinin artdığı fonda hərəkətə keçdi
16:34 DünyaABŞ ilə İran arasında gərginliyin artdığı bir vaxtda Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianilə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov telefon danışığının detalları barədə hələlik açıqlama verməsə də, Rusiya prezidentinin İran ətrafında yaranmış vəziyyətlə bağlı səylərini davam etdirdiyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, regionda vəziyyət son dərəcə gərgindir və Moskva bu prosesdə aktiv rol oynamağa çalışır.
Kremlin sözçüsü bildirib ki, yaxın vaxtlarda telefon danışığının nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
"Sərhəd bölgəsində və ümumilikdə regionda vəziyyət olduqca gərgindir. Prezident Putin gərginliyin azaldılmasına töhfə vermək üçün səylərini davam etdirir. Bu, təkcə İrana deyil, bütün regiona, regional sabitlik və sülhə yönəlmiş yardımdır. Rusiya hazırda da, o cümlədən prezidentin fəal diplomatik fəaliyyəti sayəsində, gərginliyin azaldılması üçün kömək göstərir", - deyə Peskov qeyd edib.
Siyasi müşahidəçilər hesab edirlər ki, bu telefon danışığı Vaşinqton-Tehran münasibətlərində yeni risklərin yarandığı bir mərhələdə baş tutur və Moskvanın vasitəçi rolunu gücləndirmək cəhdinin göstəricisidir. Ekspertlərin fikrincə, Rusiya həm regional müharibə riskinin qarşısını almaqda, həm də Yaxın Şərqdə öz diplomatik təsir imkanlarını qorumaqda maraqlıdır.
Qeyd olunur ki, son günlər ABŞ və İran arasında ritorikanın sərtləşməsi, qarşılıqlı hədələr və hərbi-siyasi gərginlik regionda sabitlik üçün ciddi təhlükə yaradır. Bu fonda Putinlə Pezeşkian arasında baş tutan telefon danışığı beynəlxalq diplomatik səylərin intensivləşdiyini göstərən mühüm siqnal kimi dəyərləndirilir.