İranla bağlı ŞOK ZƏNG gəldi - Yeni plan BELƏDİR

ABŞ media orqanları iddia edib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trumpdan İrana qarşı mümkün hərbi əməliyyatların ertələnməsini istəyib.

Musavat.com xəbər verir ki, bu çağırış The New York Times qəzetində dərc olunan məqalədə yer alıb. Yazıda Netanyahunun məsələni Tramp və ABŞ-ın vitse-prezidenti JD Vance ilə keçirdiyi yüksək səviyyəli danışıqlarda gündəmə gətirdiyi bildirilir.

Qəzetin adını açıqlamadığı ABŞ rəsmilərinə istinadən verdiyi məlumata əsasən, Netanyahu yanvarın 14-də Trampla telefon danışığı aparıb və bu söhbət zamanı İrana qarşı mümkün hücum planlarının təxirə salınmasını istəyib. Eyni mənbələr Netanyahunun yanvarın 13-də vitse-prezident Vance ilə də görüşdüyünü qeyd ediblər. Həmin gün Tramp administrasiyasının əsas milli təhlükəsizlik müşavirlərinin Ağ Evdə hərbi variantları müzakirə etmək üçün toplandığı vurğulanır.

Məqalədə regional ölkələrin də Vaşinqtona oxşar mövqelər çatdırdığı bildirilir. Körfəz bölgəsindən olan rəsminin sözlərinə görə, Qətər, Səudiyyə Ərəbistanı, Oman və Misir ABŞ administrasiyasına müraciət edərək, İrana qarşı hərbi addımın genişmiqyaslı regional münaqişəyə yol aça biləcəyindən narahat olduqlarını bildiriblər. Eyni zamanda bu ölkələrin Tehranla da əlaqə saxlayaraq mümkün hücum halında region ölkələrinə qarşı cavab tədbirlərinin görülməməsi barədə xəbərdarlıq etdikləri qeyd olunur.

ABŞ rəsmilərinin açıqlamasına görə, ABŞ Müdafiə Nazirliyi bölgəyə əlavə silah və müdafiə sistemləri yerləşdirib. Bildirilir ki, "Abraham Lincoln" təyyarədaşıyan gəmisi və onu müşayiət edən bir neçə hərbi gəmi Cənubi Çin dənizindən Yaxın Şərq istiqamətində hərəkət edir. Bununla yanaşı, qırıcı və yanacaqdoldurma təyyarələrinin, eləcə də hava hücumundan müdafiə sistemlərinin bölgəyə göndərildiyi vurğulanır.

Rəsmilər bildiriblər ki, bu hərbi hazırlıq həm Tehran administrasiyasını etirazçılara qarşı zorakılıqdan çəkindirmək, həm də ABŞ-ın mümkün ssenarilər üçün manevr imkanlarını artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında milli valyutanın sürətlə dəyər itirməsi və dərinləşən iqtisadi problemlər fonunda etirazlar başlayıb və qısa müddətdə ölkənin digər bölgələrinə yayılıb. Yanvarın 8-də isə İran hökuməti paytaxtda artan etirazlardan sonra internetə çıxışı məhdudlaşdırıb.

Rəsmi Tehran itkilərlə bağlı məlumat açıqlamasa da, ABŞ-da yerləşən Iran Human Rights Activists News Agency-nin məlumatına görə, etirazlar zamanı minlərlə insan həyatını itirib və on minlərlə şəxs saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31