Polşa fevralın 20-də piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxır- ÖZƏL
12:32 DünyaPolşa 20 fevral 2026-cı il tarixindən etibarən piyada əleyhinə minaların istifadəsini, istehsalını və yığılmasını qadağan edən Ottava Konvensiyasından rəsmi olaraq çıxacaq. Olaylar.az xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Sezari Tomçik Zet Radio-ya açıqlamasında bildirib. O qeyd edib ki, konvensiyadan çıxmaqla Polşa bu tip silahları silahlanmaya daxil edə və istehsal edə biləcək. Polşanın Ottava Konvensiyasından çıxmaq niyyəti 2025-ci ilin mart ayında Baltikyanı ölkələr və Finlandiya ilə birlikdə elan edilmişdi. Həmin ilin iyul ayında isə Polşa parlamentinin qəbul etdiyi qanunu dönəmin prezidenti Andrzej Duda imzalamışdı.
Ottava Konvensiyası 1999-cu ildə qüvvəyə minib və 164 ölkə tərəfindən ratifikasiya olunub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin qiymətləndirməsinə görə, piyada əleyhinə minalar mülki əhaliyə ciddi təhlükə yaradır və müharibə bitdikdən sonra belə uzun illər üçün risk təşkil edir.