Aİ-dən İrana yeni sanksiya zərbəsi: PUA istehsalı hədəfdədir – ÖZƏL
12:28 DünyaAvropa İttifaqı ölkələrinin xarici işlər nazirləri yanvarın 29-da Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini müzakirə edəcəklər.
Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri avropalı diplomatlara istinadən məlumat yayıb.
Sanksiya paketində nələr var?
Siyahıya insan hüquqlarının pozulmasına görə 21 yeni bəndin daxil edilməsi təklif olunur. Avropa Xarici Fəaliyyət Xidməti pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə bağlı daha 10 mövqenin sanksiya siyahısına salınmasını nəzərdə tutur. Tehran administrasiyasına qarşı məhdudiyyətlərin sərtləşdirilməsini ən fəal şəkildə Almaniya, Fransa və Niderland dəstəkləyir.
SEPAH məsələsində fikir ayrılığı
"Euractiv" portalının məlumatına görə, rəsmi Brüssel hələlik İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmağa hazır deyil. Buna səbəb kimi Roma, Paris və Madridin bu addıma qarşı müqavimət göstərməsi qeyd olunur.
Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bir müddət əvvəl İrana qarşı sanksiyaların gələcəkdə daha da sərtləşdirilə biləcəyini istisna etməmişdi.
Lamiyə Cəbrayılova