Bir telefon zəngi hər şeyi dəyişə bilər: Tramp Əli Xameneyini gözləyir
10:55 DünyaABŞ prezidenti Donald Tramp İrana mümkün hərbi zərbələrlə bağlı qərarı hələlik təxirə salıb və prosesi daha dərindən planlaşdırmaq üçün Ağ Evdə, eləcə də müttəfiqlərlə əlavə məsləhətləşmələr aparır.
Musavat.com xəbər verir ki, Vaşinqtonda hazırda iki əsas məsələ ətrafında gərgin müzakirələr gedir: mümkün hərbi əməliyyatın vaxtı və belə bir zərbənin İran rejimini ciddi şəkildə qeyri-sabitləşdirə bilib-bilməyəcəyi.
Beş Amerika, İsrail və ərəb mənbəsinin məlumatına görə, hələlik zərbə qaçılmaz hesab edilmir.
Bununla belə, proseslə tanış olan ABŞ rəsmisinin sözlərinə görə, "hamı prezidentin barmağının düymədə olduğunu bilir. Sadəcə Tramp bunu dərhal deyil, ən təsirli və gözlənilməz anda edə bilər".
Bu mövqeni jurnalist Barak Ravid də "Axios"-da dərc olunan materialında vurğulayıb.
Eyni zamanda ABŞ Trampın İrana qarşı hərbi variantları nəzərdən keçirməsi fonunda Yaxın Şərqdə hərbi mövcudluğunu artırır. "Fox News"-un məlumatına görə, ən azı bir Amerika təyyarədaşıyan gəmisi artıq bölgəyə doğru yoldadır. ABŞ-ın dəniz, quru və hava qüvvələrinin yaxın günlərdə və həftələrdə regionda əlavə mövqelər tutacağı gözlənilir.
ABŞ rəsmiləri bildirir ki, Ağ Evin gərginliyin azaldılması mərhələsinə keçdiyini qəti şəkildə demək üçün hələ tezdir. Prezident Tramp bütün variantları masada saxlayır və vəziyyətin inkişafını diqqətlə izləyir.
"Axios"-un yazdığına görə, Tramp İranın ali rəhbəri Əli Xameneyi ilə birbaşa danışmaq istəyir və bunu prinsipial məsələ hesab edir. ABŞ prezidentinə yaxın mənbənin sözlərinə görə, Tramp Kim Çen In, Vladimir Putin və Si Cinpinlə danışdığını xatırladaraq düşünür ki, İran sistemində real qərar verən yeganə şəxs məhz Əli Xameneyidir.
Trampın yanaşmasına görə, əgər Əli Xameneyi onunla birbaşa dialoqa getməsə, İran rejimi ciddi risklərlə üz-üzə qala bilər. ABŞ prezidenti İran hakimiyyətində başqa heç kəsi real qərar verən fiqur hesab etmir və mümkün böhranın taleyinin məhz bir telefon zəngindən asılı ola biləcəyini düşünür.