Qətlə yetirilən etirazçıların cəsədini yaxınlarına satırlar:  Tehrandan qayıdan soydaşımız danışdı - DƏHŞƏT

Yanvarın 8-9-da Tehranda və bir sıra iri şəhərlərdə baş verən kütləvi etirazların zorakılıqla yatırılması ilə bağlı şok və sensasional faktlar üzə çıxıb.

Musavat.com İrandan qayıdan və hadisələrə birbaşa şahidlik etmiş Azərbaycan vətəndaşı ilə danışıb. Təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən soydaşımızın dedikləri İran rejiminin repressiya mexanizminin indiyədək bilinməyən, insanlığa sığmayan tərəflərini ortaya qoyur.

Şahid bildirir ki, müalicə məqsədilə təyyarə ilə Tehrana gedib və Bakıda qoyulmuş diaqnozu dəqiqləşdirmək üçün paytaxtdakı xəstəxanalardan birinə yerləşib. Məhz həmin günlərdə - 8 yanvar tarixində - ölkə üzrə rabitə kəsilib və şəhər mərkəzlərində misli görünməmiş etirazlar başlayıb.

Onun sözlərinə görə, nümayişlərə cəmiyyətin bütün təbəqələri - gənclər, yaşlılar, ailələr, qadınlar, hətta dindar çarşaflı qadınlar da qatılıb. Etirazçılar açıq şəkildə rejimə qarşı şüarlar səsləndiriblər, "Diktator rədd ol", qışqırıblar. Lakin qısa müddət sonra vəziyyət dəyişib.

Şahid deyir ki, rəsmi qurumlar, xüsusilə SEPAH və Bəsic qüvvələri nümayişləri dağıtmaq üçün aşırı güc tətbiq edib. Küçələrdə gözyaşardıcı qazdan, odlu silahlardan, hətta kəsici alətlərdən istifadə olunub. Onun gözləri qarşısında insanlar kütləvi şəkildə güllələnib.

Ara qarışdıqdan sonra bəzi qruplar maşınları, bankları, dövlət obyektlərini yandırıb. Şahid iddia edir ki, etirazçıların arasında silahlı provokatorlar da olub və onlar da atəş açıblar. Nəticədə qarşıdurma daha da dərinləşib. Hətta onun müalicə aldığı xəstəxana belə yandırılıb.

Adının açıqlanmasını istəməyən soydaşımız hadisələrdən sonra xəstəxanadan təxliyə olunub, Tehranda yaşayan yaxın dostunun evində bir neçə gün qalmağa məcbur olub və qətliamdan sonrakı mərhələni də izləmək imkanı əldə edib.

Məhz bundan sonra baş verənlər şahidin sözlərinə görə, daha dəhşətlidir.

Cəsədlər pulla "satılır"

8-9 yanvar tarixlərində öldürülən etirazçıların cəsədlərinin tanınması və ailələrinə verilməsi prosesi başlayıb. Bu zaman ortaya heyrətamiz və qorxunc faktlar çıxıb.

Şahid iddia edir ki, İran rejimi qətlə yetirilmiş etirazçıların cəsədlərini yaxınlarına pulla verməyə başlayıb. Məbləğ təxminən 23 min manat (Azərbaycan manatı ilə) ekvivalentində müəyyənləşdirilib. Rəsmi əsaslandırma isə belə olub:
- "Yaxınlarınız dövlət obyektlərini dağıdıb, bankları, xəstəxanaları yandırıb, dövlətə xəyanət edib. Bunun cəriməsini (kompensasiya) ailəsi çəkməlidir."

Əks halda, ailə üzvlərinin həbs ediləcəyi, repressiyalara məruz qalacağı bildirilib. Şahidin sözlərinə görə, repressiyalardan və həbslərdən yayınmaq üçün bir çox ailə bu "cərimə"ni ödəməyə məcbur qalıb. Proses faktiki olaraq rəsmi və sistemli şəkildə həyata keçirilir.

Daha bir iyrənc mexanizm: Bəsic geyimi

Pul ödəməyə imkanı olmayan ailələrə isə başqa bir "təklif" edilib. Şahid deyir ki, bu ailələrdən tələb olunub:
- qətlə yetirilmiş yaxınlarının cəsədinə Bəsic forması geyindirməyə,
- meyitin cibinə Bəsic vəsiqəsi yerləşdirməyə razılıq versinlər.

Bununla da İran rəsmiləri mitinqlərdə ölən hökumət və təhlükəsizlik qüvvələrinin sayını süni şəkildə artırır. Məqsəd isə aydındır: beynəlxalq ictimaiyyətə, xüsusən də ABŞ-la aparılan dolayı təmaslarda (Oman xətti ilə) təqdim etmək ki, guya ölənlərin böyük hissəsi "dövlətə bağlı qüvvələrdir".

Rəqəmlərlə manipulyasiya, faktlarla ört-basdır

Xatırladaq ki, Bəsic İran rejiminin "Məzlumların səfərbərliyi" adı altında fəaliyyət göstərən, yüz minlərlə könüllüsü olan yarımhərbi qurumudur və kütləvi etirazların yatırılmasında əsas rol oynayır. Şahidin dedikləri göstərir ki, rejim həm qətliam edir, həm də sonradan statistikanı saxtalaşdıraraq məsuliyyətdən yayınmağa çalışır.

Qanlı yanvarın həqiqi mənzərəsi

Şahidin verdiyi bu məlumatlar 8-9 yanvar etirazlarının sadəcə küçə qarşıdurması olmadığını, planlı repressiya, kütləvi qətl və sonradan ailələr üzərindən aparılan şantaj mexanizmi ilə müşayiət olunduğunu göstərir. Cəsədlərin pulla verilməsi, ailələrin təhdid edilməsi və ölənlərin "Bəsicləşdirilməsi" İran rejiminin əxlaqi və hüquqi iflasının açıq göstəricisidir.
Bu iki gecə ərzində ölkə üzrə minlərlə insanın həlak olduğu, təkcə Tehranda minlərlə nümayişçinin küçələrə axışdığı bildirilir. Yanvarın 15-nə olan məlumata görə, 18 000-dən çox insan həbs edilmiş, ölənlərin sayı isə bəzi mənbələrə görə 6 000-i keçmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31