Artaq Zakaryan Vaşinqton bəyanatını yamanladı – ÖZƏL
10:25 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın keçmiş müdafiə nazirinin müavini, Respublika Partiyasının üzvü Artaq Zakaryanın fikrincə, ABŞ-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Marko Rubio arasında danışıqlardan sonra qəbul edilən bəyanat Ermənistanın sülh və təhlükəsizliyi ilə bağlı deyil. O, bu barədə Sputnik Ermənistan-a müsahibəsində bildirib.
Zakaryanın sözlərinə görə, Sünikdən keçən "Tramp marşrutu"nun reallaşdırılması ilə bağlı bəyanat ABŞ şirkətlərinin sırf biznes maraqlarını əks etdirir və heç bir hüquqi öhdəlik daşımır. "Sənəddə ABŞ-nin Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edəcəyi və ya regionda eskalasiyaya qarşı tədbirlər görəcəyi barədə heç nə yoxdur. Söhbət yalnız niyyətlərdən gedir. Heç bir kommersiya sazişi sülhə zəmanət verə bilməz", - deyə o vurğulayıb.
Onun qiymətləndirməsinə əsasən, layihə çərçivəsində Amerika şirkəti üçüncü operatorun iştirakı ilə Türkiyə yüklərinin Ermənistan ərazisindən tranzitini təmin edəcək. Əsas gəlir isə Sünikdə həyata keçiriləcək biznes layihələrindən - hotellər, yanacaqdoldurma məntəqələri, avtomobil və dəmir yolu infrastrukturu hesabına formalaşacaq. Bu gəlirin cəmi 26 faizi Ermənistana çatacaq, qalan hissə ABŞ tərəfinə qalacaq.
Lamiyə Cəbrayılova