Tramp İranı vurmaqdan niyə imtina edib?

"Trampın İranı vurmaqdan imtina etməsinin səbəbi kimi müxtəlif versiyalar irəli sürülür. Bəzi məlumatlara görə, Venesuela ətrafındakı hərbi gərginlik ehtimalı ABŞ-ı İrana hücumdan çəkindirib, digər bir xəbərə görə isə İran və İsrail arasında gizli razılaşma əldə edilib. Zatən gizli sövdələşmələrin İran və İsrail arasında daimi mövcudluğuna şübhə yoxdur. Üçüncü imtina səbəbi isə, əvvəlki yazımda ehtimal etdiyim kimi, körfəz ölkələrinin, xüsusən də BƏƏ-nin xahişi ilə Trampın son anda İranı vurmaq istəyindən geri çəkilməsidir. Ancaq imtinanın son qərar olduğuna inam da yoxdur". Bunu "Olaylar"a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib: "İran əhalisinin 15 milyondan çoxu sünni məzhəbinə məxsusdur və ölkədə 20 minə yaxın sünni məscid var. Odur ki, İrana ərəb ölkələrinin himayədarlığının sonrakı səbəblərindən biri də budur. Əslində, bütün bu versiyaların həyati əsasları var, ancaq əsas səbəb İranda minlərlə ölümlə nəticələnən ixtişaşlara baxmayaraq əhalinin iki rejimdən biri - yəni molla-teokratik və ya Pəhləvi-monarxiya rejimi arasında seçim qarşısında qoyulması idi. Şübhə yox ki, ABŞ İranda rejim dəyişikliyinə tərəddüd edirdi. Molla rejimindən imtina, Pəhləvi monarxiyasının bərpası isə İranın parçalanması ehtimalını gücləndirirdi. Cənubi Azərbaycanın müstəqilliyi isə digər İran xalqlarından daha real nəticələnə bilərdi. Bu da Azərbaycanın və Türkiyənin daha da güclənməsi və Türkiyənin regionda mütləq hakim, həm də İslam dünyasında əsas söz sahibinə çevrilməsinə gətirib çıxarardı. Ərəblərin farslara "sevgisi" türk etnosundan ehtiyatlanması səbəbindəndir.
Əlbəttə ki, İranın İslam dünyasını parçalamaq və Türkiyənin daha da güclənməsinə mane olmaq Qərbin yaratdığı İranın dövlət fəaliyyət missiyasıdır. Odur ki, Qərb heç bir halda İranın parçalanmasını qaçılmaz edən prosesə katalizatorluq etməzdi. Məhz bu səbəbdən də İranın bütövlüyünü saxlamaq üçün türk nifrətini özündə ehtiva edən Pəhləvi monarxiyası İran molla-teokratik rejiminə yeganə alternativ kimi təklif olunurdu.
Ancaq İranın digər xalqları, xüsusən də Cənubi Azərbaycan Pəhləvi monarxiyasının geri dönməsinin qəti əleyhinə idi. Vaşinqtonda ABŞ rəsmiləri ilə Cənubi Azərbaycan və diaspor nümayəndələri arasında görüşün səbəbi Pəhləvi monarxiyasının bərpasına Cənubi Azərbaycanın razılığının alınması idi. Görünən odur ki, razılaşma baş tutmayıb. Əks təqdirdə, yəni Pəhləvi İranda hakimiyyətə gətirilsəydi, Cənubi Azərbaycan özünü müstəqil elan edəcək, İran parçalanacaqdı. Ona görə də Tramp indiki vəziyyətdə kompleks səbəbləri nəzərə alaraq İranı vurmaqdan hələ ki, çəkindi. Ancaq hələ ki..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31