Radikal fars milliyyətçiliyi unudulmayıb: İran cəmiyyəti Pəhləviləri istəmir- ÖZƏL 

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın sonuncu şahı Rza Pəhləvinin böyük oğlunun ölkədə real siyasi dəstək qazanıb-qazanmayacağını demək hələ tezdir və mümkün hakimiyyət dəyişikliyi qeyri-müəyyən, lakin maraqlı proseslərə yol aça bilər. 
Məsələ  ilə  bağlı  politoloq Həşim Səhrablı Olaylar.az-a bildirib  ki, Pəhləvinin İranda, əlbəttə ki, ona dəstək verəcək müəyyən qruplar tapmaq ehtimalı var. Bu, bütün cəmiyyətlər üçün real olan bir həqiqətdir: fikirlər müxtəlifdir. Həmin müxtəliflik daxilində ən yaxşı mövqedən tutmuş, ən pis yanaşmalara qədər fərqli baxışlar mövcuddur. Bütün siyasətçilər, tərəfdarlarının sayından asılı olmayaraq, az və ya çox dəstək tapa bilirlər.
Lakin  Pəhləvinin İranda legitimlik qazanıb-qazana bilməyəcəyi məsələsinə gəldikdə, düşünürəm ki, bu suala cavabımız "yox" olmalıdır. Bu, onların keçmişdə - şahlıq dövründə İranda həyata keçirdikləri qətliamlar, zorakı idarəçilik, xalqı ağır sosial vəziyyətdə yaşatmaları, elementar insan hüquq və azadlıqlarına məhəl qoymamaları kimi mənfi irsdən qaynaqlanır. Məhz bu səbəbdən İran cəmiyyətinin böyük əksəriyyəti onları qəbul etməyəcək. Ən əsası isə İranın əsas iki etnosundan biri olan Azərbaycan türkləri, yəni orada yaşayan soydaşlarımız Pəhləvi hakimiyyətinin geri qayıtmasını birmənalı şəkildə istəməyəcəklər. Hətta bir sıra Azərbaycan şəhərlərində biz bunun şahidi olduq: insanlar rejimi dəstəklədilər.
İki pis seçim arasında hansı daha az zərərli hesab olundu. Mövcud rejim - yəni molla rejimi şah rejimi ilə müqayisədə daha üstün tutuldu. Bu da təsadüfi deyil. Çünki Pəhləvilər dövründə radikal fars milliyyətçi siyasəti həyata keçirilirdi və İranda yaşayan azərbaycanlıların dili sistemli şəkildə məhv edilirdi. Azərbaycan dilində yazılmış təkcə dərsliklər deyil, bədii ədəbiyyat, uşaq ədəbiyyatı daxil olmaqla bütün kitablar məhv edilmişdi. Azərbaycan türklərinə qarşı məqsədli assimilyasiya və zorakılıq siyasəti aparılmışdı. Buna görə də bu gün farslar belə onları geri qaytarmaq istəsələr belə, Azərbaycan türkləri bunu qəbul etməyəcəklər. Nəzərə almaq lazımdır ki, İranın əsas siyasi və hərbi güc mərkəzlərindən biri məhz Cənubi Azərbaycandır. İran generallarının çoxu etnik türkdür, yəni Azərbaycan türkləridir. Hətta İranın ali dini lideri olan Xameneyinin də etnik türk olması ilə bağlı məlumatlar var. Uzun müddətdən sonra prezident postuna da etnik türk olan bir şəxs - Pezeşkian seçildi. İran-İraq müharibəsində və digər qarşıdurmalarda da türk generallar ölkələrinə mühüm xidmətlər göstəriblər. Buna görə də düşünürəm ki, Amerika və digər xarici güclər artıq anlayır və ya anlayacaqlar ki, Pəhləvilər İranda legitimlik qazana bilməzlər. Yalnız İran parçalanacağı təqdirdə, hansısa bir bölgədə qismən legitimlik əldə edə bilərlər. Amma vahid İran çərçivəsində Pəhləvilərin legitim hakimiyyətə çevrilmək şansı yoxdur. Bunun bir sıra səbəbləri var və bu, İran üçün arzuolunmaz yeni bir rejim ssenarisi ola bilər.
Amerika rəsmilərinin bu məsələyə yanaşması da fərqlidir. Bəzi siyasətçilər, o cümlədən senator Graham fərqli mövqelər səsləndirsə də, ABŞ Prezidenti Donald Tramp dəfələrlə bildirib ki, Pəhləvinin legitimlik qazanmaq şansı ya yoxdur, ya da olduqca zəifdir və o, İran üçün uyğun seçim deyil. Tramp hətta bir neçə gün əvvəl qeyd etmişdi ki, etirazlardan yeni bir lider çıxmalıdır. Bu baxımdan hesab edirəm ki, ABŞ da məsələyə daha ehtiyatla yanaşacaq. Əgər həqiqətən də məqsəd İranda molla rejimini devirməkdirsə, Pəhləvi bu proses üçün uyğun fiqur deyil. Əksinə, onun önə çıxarılması etirazlar daxilində parçalanma yarada, rejimə qarşı olan qüvvələri bölə bilər. Bunu praktikada da gördük: Pəhləvi versiyası gündəmə gələndən bir neçə gün sonra etirazlarda azalma müşahidə olundu. Cənubi Azərbaycan şəhərlərində və bir sıra digər İran şəhərlərində insanlar rejimə dəstək verməyə başladılar. Çünki şah rejiminin daha pis seçim olduğunu düşündülər. İndi ya yeni alternativ bir mərkəz formalaşacaq və etirazlar onun ətrafında birləşəcək, ya da şah versiyası irəli sürüləcək. Əgər Rza Şahın geri qayıdışı ideyası həqiqətən də İranda rejimi devirməkdə maraqlı olan xarici ölkələr tərəfindən qəbul olunarsa, mənə elə gəlir ki, bu ssenari uğursuz olacaq. Çünki İran xalqının böyük əksəriyyəti Pəhləviləri istəməyəcək. Bu halda insanlar mövcud rejimlə müəyyən şəkildə dil tapmağın daha məqsədəuyğun olduğunu düşünəcəklər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31