İranda sabitlik islahatlar yolu ilə mümkündür -Özəl
13:10 Dünya"İranda sabitlik inqilabla deyil, bütün xalqların mənafeyinə uyğun islahatlar yolu ilə mümkün olar". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "İranda davam edən çaxnaşmaları, etirazçılara qarşı törədilən qətliamları izləyirik. İslamın bütün müqəddəs dəyərlərini aşağılayan, darmadağın edən rejimlərdən biri məhz indiki İran oldu. Əvvəlki dönəmlərdə çox təəccüblə yanaşaraq fikirləşirdik ki, narkotik maddələri Azərbaycan ərazisinə tonlarla ötürən, məscidlləri dağıdan erməniləri bağrına basan həmin İran necə islam ölkəsi ola bilər? Dini dəyərlərdən çox uzaq bir islam ölkəsinin son aqibəti belə də olmalı idi.
Prezident seçilən Məsud Pezeşkianı İran siyasətində işıqlı nöqtə hesab edirdik. Amma, lakin Məsud bəyin əlin-qolun elə bağladılar ki, gücsüz, səlahiyyətsiz prezidentə çevrildi. Pezeşkian ötən dönəmlərdə çıxışı zamanı qeyd edirdi ki, problemləri xarici qüvvələrdə deyil, özümüzdə axtaraq. Mühafizəkar qanad isə yenə öz siyasi ansanbllarını ifa edərək öd püskürdü.
Ümumiyyətlə, yalnız İranda deyil, dünyanın istənilən ölkəsində kütlənin gücünü hesablamaq mümkün deyil. Yatmış, marginallaşmış cəmiyyətlərdən bəzən çox təhlükəli addımlar görmək mümkündür. O baxımdan dünyada idarəetmə fəlsəfəsi sürətlə dəyişir. Məhz dünyanın siyasi arxitekturasının yeniləndiyi belə məqamda İranda dəyişiklik labüddür. Bu proseslər inqilablar yolu ilə, qan tökməklə deyil, yalnız innovativ islahatlar yolu ilə, orada yaşayan 40 milyondar artıq Azərbaycan türkünün və digər xalqların mənafeyinə uyğun bir hüquqi sistemin bərqərar olması hesabına mümkündür.
Əks təqdirdə qan tökməklə, etirazçılara divan tutmaqla və yaxud bu gün Avropanı, ABŞ-ı dolaşan İranın son şahının oğlu Rza Pəhləvini taxta çıxarmaqla sabitlik yaranmayacaq. Bu çaqqalın atasının vaxtılə İranda törətdikləri vəhşiliklər məlumdur. İndi onun xarici güclərin dəstəyi ilə, demokrat cildinə girərək yenidən hakimiyyətə gəlməsi uğurlu seçim ola bilməz. Xarici qüvvələrin əldəqayırma rəhbəri olacaq Rza Pəhləvinin ortaya atdığı tezislərə heç bir vəclə inanmaq olmaz. Ən optimal variant İranda islahatçı qüvvələrin potensialını düzgün dəyərləndirməkdir. İranda sabitlik inqilabla deyil, bütün xalqların mənafeyinə uyğun islahatlar yolu ilə mümkün olar bilər".