Pəhləvi İranın gələcəyini BELƏ GÖRÜR - Nüvə proqramı...

İranın son şahının oğlu Rza Pəhləvi ölkənin gələcək inkişafı ilə bağlı təhlükəsizlik, xarici siyasət və diplomatiya sahələrini əhatə edən baxışlarını bölüşüb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, gələcəkdə azad İranın təhlükəsizlik və xarici siyasət kursunda əsas prioritetlərdən biri hərbi nüvə proqramının tamamilə dayandırılması olacaq. Eyni zamanda, terrorçu qruplara göstərilən hər cür dəstək dərhal dayandırılacaq.

Rza Pəhləvi bildirib ki, azad İran regionda və qlobal miqyasda tərəfdaşlarla əməkdaşlıq edərək terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik ticarətinə və ekstremist islamizmə qarşı mübarizə aparacaq.

Diplomatik sahədə isə ABŞ ilə münasibətlərin normallaşdırılması nəzərdə tutulur. Onun fikrincə, İran ilə Amerika Birləşmiş Ştatları və Amerika xalqı arasında dostluq əlaqələri bərpa ediləcək.

Pəhləvi həmçinin qeyd edib ki, gələcək İran dövləti İsraili dərhal tanıyacaq. Bununla yanaşı, "Avraam razılaşmaları"nın genişləndirilməsi və onların "Kir" (Kiros) razılaşmalarına çevrilməsi istiqamətində addımlar atılacaq. Bu razılaşmaların azad İranı, İsraili və ərəb dünyasını bir araya gətirməsi hədəflənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31