Salome Zurabişvili: "Rusiyanın Gürcüstandakı hibrid aqressiyası bütün Avropa üçün xəbərdarlıqdır" – ÖZƏL
13:46 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili "Global Europe" forumundakı çıxışı zamanı Rusiyanın tətbiq etdiyi hibrid müharibə strategiyasının təhlükələrindən danışıb. O bildirib ki, hazırda Gürcüstanın üzləşdiyi hibrid aqressiya Rusiya ilə birbaşa sərhədi olmayan istənilən ölkədə baş verə bilər.
"Rusiya Gürcüstanı sınaqdan keçirməklə sizi yoxlayır"
Prezidentin sözlərinə görə, Rusiya Gürcüstan üzərində apardığı təcrübələrlə əslində Qərbin reaksiyasını ölçür: "Hibrid təhdidləri fəsadlar dönməz hala gəlmədən öncə tanımaq lazımdır. Seçkili ədalət, media plüralizmi və qanunun aliliyi artıq sadəcə demokratik dəyərlər deyil, təhlükəsizlik imperativləridir".
Zurabişvili qeyd edib ki, seçki manipulyasiyaları və təbliğat halları dərhal araşdırılmalı, onlara qarşı proaktiv tədbirlər görülməlidir. O, beynəlxalq birliyi yalnız bəyanatlarla kifayətlənməməyə səsləyib: "Avropanın Gürcüstan rejimini namizəd statusu olan ölkə kimi tanımadığını deməsi kifayət deyil. Demokratiya təhlükədə olanda yalnız sözlərin deyil, konkret hərəkətlərin olduğunu Rusiyaya göstərmək lazımdır."
Prezident vurğulayıb ki, Gürcüstanın mübarizəsi Avropanın gələcəyi üçün periferik məsələ deyil, ciddi bir xəbərdarlıqdır. Onun fikrincə, əgər Avropa sərhədlərində demokratiyadan geri addım atmaq Rusiya üçün "cəzasız" qalarsa, bu ssenari Avropanın daxilində də təkrarlana bilər.
Lamiyə Cəbrayılova