İran səfiri: Ermənistan bizim üçün strateji və etibarlı tərəfdaşdır – ÖZƏL
13:22 DünyaOlaylar.az xəbər verir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami yanvarın 14-də keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan İran üçün dost ölkədir və iki ölkə rəhbərliyi arasında yüksək səviyyəli etimad mövcuddur.
Onun sözlərinə görə, Tehran Ermənistanın blokadadan çıxarılması və inkişafı istiqamətində atılan bütün müsbət addımları alqışlayır. Şirğolami qeyd edib ki, Ermənistan həm Qərb-Şərq, həm də Şimal-Cənub istiqamətində mühüm rol oynaya bilər. Xüsusilə Şimal-Cənub dəhlizinin Ermənistan üzərindən iki qola ayrılması mümkündür: Oman-Rusiya-Hindistan və Oman-Qara dəniz marşrutları.
Səfir Ermənistan-ABŞ razılaşmalarına da toxunaraq bildirib ki, İran Ermənistan tərəfinə etimad göstərir, lakin ABŞ-yə etibar etmir. Onun sözlərinə görə, ABŞ-nin İrana qarşı atdığı addımlar Tehranda narahatlıq yaradır və Vaşinqtonun TRIPP layihəsindən öz təhlükəsizlik siyasəti çərçivəsində istifadə edə biləcəyi istisna edilmir.
Şirğolami vurğulayıb ki, İran bu narahatlıqları Ermənistan tərəfinə çatdırıb və rəsmi İrəvan Ermənistanın heç vaxt İran üçün təhlükə mənbəyinə çevrilməyəcəyinə dair təminat verib. Tərəflər layihənin miqyasını və mahiyyətini daha yaxşı anlamaq üçün müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Səfir əlavə edib ki, İran-Ermənistan münasibətləri strateji əhəmiyyət daşıyır və heç bir məsələ bu əlaqələrə xələl gətirməməlidir. İran tərəfi narahatlıqlarının nəzərə alınacağına ümid etdiyini və məsələni diqqət mərkəzində saxladığını bəyan edib.
Lamiyə Cəbrayılova