İran nümayəndəsindən ittiham: Etirazçıların öldürülməsində günahkar ABŞ və İsraildir

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani molla rejiminin etirazçıları qətlə yetirməsində günahkar kimi ABŞ və İsrail hakimiyyətini göstərib.

Musavat.com xəbər verir ki, bu iddia ilə İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədri Əbukar Dahir Osmana göndərdiyi məktubda çıxış edib: "ABŞ Prezidenti tərəfindən bu gün açıq şəkildə verilən və "təsisatların ələ keçirilməsinə" çağırış edən bəyanat, 2025-ci ilin iyun ayında İran İslam Respublikasına qarşı 12 günlük təcavüz müharibəsinin fəlakətli nəticələri kontekstində və maksimum təzyiq kampaniyası, qanunsuz birtərəfli sanksiyaların sərtləşdirilməsi, sosial və iqtisadi sahələrin hədəflənmiş qeyri-sabitliyi və gənclərin İran hökumətinə qarşı hərəkətə keçməsi yolu ilə həyata keçirilən rejim dəyişikliyinə yönəlmiş daha geniş fəaliyyət kursunun ayrılmaz hissəsi kimi başa düşülməlidir. ABŞ və İsrail rejimi, xüsusən də gənclər arasında günahsız mülki şəxslərin ölümünə görə birbaşa və danılmaz hüquqi məsuliyyət daşıyır".

Qeyd edək ki, İranda hökm  sürən aclıq və səfalətə etiraz etdiyinə görə mövcud rejim tərəfindən öldürülənlərin sayınin 12 mindən yuxarı olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31