İsraildən Trampa şok xahiş: “İranı vurma...”
10:50 DünyaMusavat.com xəbər verir ki, NBC News İsrailin ABŞ-dan İranla bağlı aktiv hərbi fazanı təxirə salmağı xahiş edib. Bu da İran məsələsində taktiki fərqlərin formalaşdığını göstərir.
Bildirilir ki, İsrail rəsmilərinin Ağ Evə potensial hərbi əməliyyatların təxirə salınmasını təklif etməsi ilk baxışdan paradoksal görünsə də, bu yanaşma situasiyanın daxili dinamikasına əsaslanır.
İsrail hakimiyyəti İranda rejim dəyişikliyi ideyasını prinsipial olaraq dəstəkləyir və ABŞ-ın bu istiqamətdə atdığı addımları legitim sayır. Lakin Təl-Əvivdə hesab edirlər ki, xarici hərbi müdaxilə hazırkı mərhələdə rejimin zəifləməsinə yox, əksinə, İran hakimiyyətinin daxili etirazları "xarici düşmən" arqumenti ilə neytrallaşdırmasına şərait yarada bilər. Bu isə küçə etirazlarının legitimliyini zəiflədərək prosesin daxildən tamamlanmasının qarşısını ala bilər.
Bu kontekstdə İsrailin Vaşinqtona təqdim etdiyi alternativlər diqqət çəkir. İnternet əlaqələrinin gücləndirilməsi İran cəmiyyətində informasiya blokadasının yarılmasına, sanksiyaların sərtləşdirilməsi rejimin iqtisadi dayaqlarının zəiflədilməsinə, kiberhücumlar isə təhlükəsizlik və idarəetmə mexanizmlərinin iflicinə hesablanıb. Bu alətlər hərbi eskalasiyaya getmədən, rejimin daxili davamlılığını sarsıtmaq məqsədi daşıyır.
ABŞ prezidenti Donald Trampın hələlik yekun qərar verməməsi Ağ Evdə də alternativ ssenarilərin nəzərdən keçirildiyini göstərir. Trampın İran rəsmiləri ilə bütün təmasları etirazlar zamanı qan tökülməsi dayanana qədər donduracağını açıqlaması, Vaşinqtonun məsuliyyəti birbaşa rejimin üzərinə yönəltmək cəhdidir. Eyni zamanda iqtisadi tədbirlərin vurğulanması ABŞ-ın "təzyiq + gözləmə" strategiyasını saxladığını göstərir.
Avropa İttifaqının mövqeyi isə prosesə əlavə beynəlxalq çalar qatır. Aİ-nin İranda hakimiyyət dəyişikliyinə nail olmaq istəyi Qərb düşərgəsində ümumi strateji məqsədin mövcud olduğunu göstərsə də, vasitələr və zamanlama məsələsində fərqli yanaşmaların qalmaqda olduğunu ortaya qoyur.
Nəticə etibarilə, mövcud mərhələdə İran məsələsində əsas mübarizə hərbi əməliyyatlardan daha çox informasiya, iqtisadi və kiber müstəvidə cəmləşir. İsrailin mövqeyi göstərir ki, Qərb üçün əsas sual "rejim dəyişikliyi olsunmu?" yox, "bu dəyişikliyin hansı mexanizmlə və hansı anda reallaşması daha effektivdir?" sualıdır.