ABŞ-la hərbi toqquşma İran üçün fəlakət ssenarisi olar- ÖZƏL

"İran iqtisadiyyatı sanksiyalar, korrupsiya, struktur problemləri və yanlış idarəetmə səbəbindən faktiki iflas həddinə çatıb. Milli valyutanın kəskin ucuzlaşması, inflyasiyanın nəzarətdən çıxması və əhalinin alıcılıq qabiliyyətinin çökməsi ölkə daxilində narazılığı daha da artırıb. Etiraz aksiyalarının və xaosun əsas səbəbi də məhz budur". Bunu "Olaylar"a siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Bu şəraitdə genişmiqyaslı müharibə aparmaq üçün tələb olunan maliyyə resurslarının mövcudluğundan söhbət gedə bilməz. Müharibə İran üçün problemi ört-basdır edən vasitə yox, mövcud böhranı sürətlə dərinləşdirən katalizator rolunu oynayar.
Tehran rejimi tarixən daxili narazılığı "xarici düşmən" obrazı üzərindən neytrallaşdırmağa çalışmaq istər. Nəzəri olaraq müharibə daxili çəkişməni kənara yönəltmək üçün istifadə etmək istər. Lakin hazırkı mərhələdə bu taktika artıq işləmir. Çünki cəmiyyətin əsas tələbi ideoloji yox, sosial-iqtisadi xarakter daşıyır.
Üstəlik, müharibə aparmaq üçün yalnız ideoloji çağırış kifayət deyil. Canlı qüvvə məsələsi də ciddi problemdir. Sosial narazılığın pik həddə olduğu bir ölkədə kütləvi səfərbərlik aparmaq və uzunmüddətli müharibə üçün insan resursu toplamaq demək olar ki, mümkünsüzdür.
Tehran ən yaxşı halda ABŞ və müttəfiqlərinə qarşı dolayı və ya uzaqmənzilli vasitələrdən, xüsusən də raket hücumlarından, proksi qüvvələr və asimmetrik taktikadan istifadə edə bilər. Lakin bu da İran üçün ciddi maliyyə itkisi deməkdir. Hər bir raket buraxılışı onsuz da zəif olan büdcəyə ağır yükdür və strateji nəticə etibarilə balansı dəyişmir.
Birbaşa ABŞ-la hərbi toqquşma isə İran üçün fəlakət ssenarisi olar. Bu, rejimin zəifləməsi deyil, tam çökməsi ilə nəticələnə bilər. İstisna edilmir ki, ABŞ və İsrail İranı tam zəiflətmək və ya sistemli şəkildə çökdürmək üçün məhdudmiqyaslı hərbi planları gündəmdə saxlasın. Lakin belə bir ssenari də Tehran üçün çıxış yolu deyil, rejimin sonunu sürətləndirən amil olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31