Başladı: Trampın masasında İrana qarşı ən dağıdıcı ssenarilər

ABŞ-la İran arasında hərbi qarşıdurma riski yeni, daha təhlükəli mərhələyə qədəm qoyur.

Musavat.com xəbər verir ki, Pentaqon ABŞ Prezidenti Donald Trampa İrana qarşı əvvəllər açıqlanandan xeyli daha geniş və sərt hücum planları təqdim edib.

The New York Times yazır ki, bu ssenarilər təkcə məhdud zərbələrlə bitmir. Planlara İranın nüvə obyektləri, ballistik raket bazaları, raket istehsalı müəssisələri, eləcə də etirazçıları yatıran daxili təhlükəsizlik aparatına qarşı kiberhücumlar və birbaşa hərbi əməliyyatlar daxildir.

Hərbi mənbələrin bildirdiyinə görə, Vaşinqtonun bu cür zərbələr üçün tam əməliyyat mövqeyinə keçməsi və mümkün regional nəticələri idarə etməsi üçün hələ zamana ehtiyacı var. Lakin İsrail mediasının mövqeyi daha qətidir. Maariv qəzetinin yazdığına görə, Təl-Əvivdə hesab olunur ki, ABŞ gec-tez İranın daxilinə zərbə endirəcək.

Bu xəbərlərlə paralel olaraq Tehrandan da sərt cavab hazırlıqları barədə məlumatlar yayılır. KİV-lər bildirir ki, İranın ali rəhbəri Əli Xamneyi SEPAH daxilində raket qüvvələrinə xüsusi tapşırıqlar verib. İddialara əsasən, məxfi qruplar gizli mövqelərə yerləşdirilib və hətta ölkədə ən yüksək rütbəli şəxslər həlak olsa belə, ABŞ bazalarına, gəmilərinə və İsrailə zərbə endirilməsi ssenarisi hazır saxlanılır.

Məlumatlarda qeyd olunur ki, bu məqsədlə Heybərşakan ballistik raketi üçün ayrıca idarəetmə mərkəzi qurulub. Sözügedən planlara neft anbarlarının vurulması, ABŞ hərbi obyektlərinə hücumlar və Hörmüz boğazının minalanması da daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31